Qonaq Kitabı
ƏCƏB

 

Əcəb halın var, ay Molla, əcəbcə ruzigarın var!

Əcəb əsrü zəmanın həm, əcəb şüğlü şüarın var!

 

Əcəb məslək, əcəb fikrin, əcəb virdin, əcəb zikrin,

Əcəb surət, əcəb şəklin, əcəb dövrün, mədarın var!

 

Əcəb sima və saqqalın, əcəb rəngi-rüxü alın,

Əcəb xirqə, əcəb şalın və təmkinü vüqarın var!

 

Əcəb vəzin, əcəb pəndin, əcəb nöğlün, əcəb qəndin,

Əcəb hiylən, əcəb fəndin, əcəbcə girü darın var!

 

Əcəb alimnümayanın, əcəb cahil müridanın,

Əcəb vəhşi və heyvanın, otuz milyon himarın var!

 

Biyabanı əcəb qulun, cünunun, qeyri-məqulun,

Əcəb məğmum, məsulun, nihanın, aşikarın var!

 

Gözündə seyli-qəm yaşın, vətən amalı yoldaşın,

Qarışmış zəhr ilə aşın, əcəb leylü nəharın var!

 

Əcəb, ay Molla Nəsrəddin, bu xəlqi eylədin bidin,

Təəccübdür ki, yox həqbin, görə bir hansı karın var!

 

Danışma gavü mahidən, uzaqsan sən ilahidən,

Danış meydən, sürahidən, o yolda iştiharın var!

 

Demə bu Yer müdəvvərdir, Günəş Yerdən də əkbərdir,

Bu əncümdür, bu kövkəbdir, nə nurun var, nə narın var!

 

A nainsaf, lənətxan, belə getməz belə dövran,

Yalan söylə, danış böhtan, nə qədri iqtidarın var!

 

Zəmanə dəyişilər bir gün, gözün millət silər bir gün,

Vurar başın əzər bir gün, nə izzü etibarın var!

 

A molla, bəd gəlib falın, dəyişdir fikrü amalın,

Nə tək sən, cümlə əmsalın, və illa, intiharın var!

 

Sataşdın xas ilə amə, toxundun qeyrətə, namə,

Hazırlan qətlə, edamə, əcəb gurin, məzarın var!

 

Yığ övraqın, qələmdanın, həlakətdən qutar canın,

Demə: var ibn-Nemanın, demə çox cannisarın var!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 14

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info