Qonaq Kitabı
DABANI ÇATDAX XALAYA

 

Ağrın alım, Dabanı çatdax xala,

Sən niyə düşdün belə qiylü qala?

İstəyir axmaq ərin övrət ala?

Eyləmə təşviş, ona baxdır fala,

Caduya saldır, adı dillənməsin,

Ta ki, sənin üstünə evlənməsin.

 

Çox qocalıbsan, baxıram halına,

Dən də düşüb birçəyinə, yalına,

Qırx kişini qatlamısan dalına,

Çünki çıxıb şövhəri-bəd falına,

İndi zəban-bənd elə, dillənməsin

Ta ki, sənin üstünə evlənməsin.

 

Beş şahı ver, bir dua yazdır nala

Sonra alıxla kişini, noxtala,

Tut yaxasından itələ, çalxala,

Gah da qabağında gəzir, yorğala,

Ta ki, sənin üstünə evlənməsin,

Olmasın azürdə, nə dillənməsin.

 

Dannama bihudə o biçarəni,

Tazələmə sinədəki yarəni

Qonşuda görsün Sənəmi, Sarəni,

Saxlasın ifritəni, məkkarəni?

Eyləsin imsak, meyillənməsin?

Axıri-ömründə bə hellənməsin?

 

Yalın ağarmış, yox ağızda dişin,

Sir-sifətin pis, daha pisdir işin.

Ev-eşiyin, qab-qacağın, pişmişin,

Get-gəl, otur-dur, hərəkət, gərdişin,

Yekcəsi bikarədi, pəs neyləsin?!

Bir-iki övrət alıb evlənməsin?

 

Ay qoca fartdax! Sənə mən yüz kərə;

Söyləmədimmi eləmə məsxərə?

Bəsdir, ay arvad, həyasız heyvərə,

Eləmə bir bunca şəqavət ərə,

Ər, bə qonum-qonşuda əylənməsin?

Siğeyü mütə edib evlənməsin?

 

At ilə övrətdə tapılmaz vəfa,

Yaxşı məsəldir deyib ata-baba,

Yekcə əli əyri, uzun dil, yava,

Bit-birəli, sünsəli, həm bihəya,

Bəs bu başı daşlı kişi dinməsin?

Eyləməsin siğə, həm evlənməsin?

 

Ay yatağan, əqli gödək, cahilə,

Biqanacaq, tənbələ və kahilə,

Lağ eləyirsən bu qədər ahilə,

Felinə də fəxr eləyirsən hələ?

Çək dilini bir belə zillənməsin,

Ağzını pak eylə, zibillənməsin.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1909, N 14.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info