Qonaq Kitabı
FÜQƏRA

 

Bir neyistanda qalmışam tənha,

Dadü fəryadimə çatan yoxdur.

Vəhşilər içrə etmişəm məva,

Ah, bir halimə yanan yoxdur.

 

Pək yaman xofnakdır vətənim,

Xəsü xaşakdır gülüm, çəmənim.

Qəlbim uçqundu, titrəyir bədənim,

Oluram böylə bir məkanda fəna,

Vay, bir dərdimə qalan yoxdur.

 

Məskənimdir tikanlı bir səhra,

Sakinatı tamam bisərü pa.

Cümlə bədkar, cümlə bədsima,

Rəbbəna, rəbbəna, xudavənda!

Can xilas etməyə güman yoxdur.

 

Vətənimdən uzaqdır insanlıq,

Buradır guya əsl heyvanlıq,

Dərə xəlvət, şəğəl edir xanlıq,

Edilir bəs ki, ruhimə iza.

Kəsilib taqətim, təvan yoxdur.

 

Yox nişan zərrə adəmiyyətdən,

Mərifətdən, nə qabiliyyətdən.

Iki min kəlmə de həqiqətdən,

Eşidilməz olur cəfa hətta

Bircə insan dili qanan yoxdur.

 

Barkeşlikdə cümləsi xərdir,

Zülmə tab eyləməkdə əstərdir.

Qətlü sirqətdə leyk əjdərdir,

Hiyləgərlikdə alimü dana,

Ədəbü elmdən nişan yoxdur.

 

Hamısı köhnəxan, köhnəpərəst,

Badeyi-qəflət ilə yeksər məst.

Oluram hər günü giriban-dəst.

Cahil ilə mürid, ya molla...

Bikəsəm, yarü kardan yoxdur.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1909, N 5.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info