Qonaq Kitabı
HƏSƏD

 

                 (Peterburq şəhərində bir cəmiyyət təşkil olunub, pişikləri  himayə edəcəyini elan etmişdir)

 

Ey ölkəmizin sevməli heyvanı pişiklər!

Vey xanəmizin yaxşı nigəhbanı pişiklər!

 

Derlər ki, Peterburqda bir cəmiyyət açılmış,

Heyvanalrı hifz etmək üçün bayraq asılmış,

Rəhm, ədl işığı hər pişiyin üstə saçılmış,

Hürr avlayacaq küçədə siçqanı pişiklər!

Ey ölkəmizin sevməli heyvanı pişiklər!

 

Ey ölkəmizin azadələri, bəxtəvərani,

Könlüm doludur atəşi-rəşg ilə nəhani.

Məmnudur etmək sizə hər dürlü cəfanı,

İncitməyə yox kimsənin imkanı, pişiklər!

Ey ölkəmizin sevməli heyvanı pişiklər!

 

Kim döysə sizi, vursa sizi, qılsa əziyyət,

Tənbeh və cərimə edəcək, bilsə, hökumət.

Bəh, bəh, bu nə tale, bu necə bəxt, nə nemət!

Vallah bu həsəd yandırır insanı, pişiklər!

Ey ölkəmizin sevməli heyvanı pişiklər!

 

Lap doğrusu, baxdıqca sizə, heyrətim artar,

Xoşbəxt sizi gördükcə qəmim, həsrətim artar.

Hətta nə sizə, itlərə də rəğbətim artar,

Var çünki sizə bircə yanan canı, pişiklər!

Ey ölkəmizin sevməli heyvanı pişiklər!

 

Hakimlərimiz bizləri saymazla sərasər,

Bais nəsə insanə, nə heyvanə bərabər.

Əvvəldən olubdurmu, nədir boylə müqəddər?!

Kim, müft axa hər yanda onun qanı, pişiklər!

Qafqazda bunun olmadı dərmanı, pişiklər!

 

Hər yanda görürlərsə müsəlmanı, döyürlər,

Həm oylə döyürlər, necə heyvanı döyürlər,

Dinmir də hökumət ki, görür anı döyürlər,

Yox bircə himayə edən insanı, pişiklər!

Kaş olmaya idi belə dünyanı, pişiklər!

Ey rəhmlilər xanəsi mehmanı pişiklər!

 

 

1909[i]

“Sijimqulunamə”



[i] “Sijimqulunamə”də səhv olaraq 1919-cu ildə yazıldığı göstərilmişdir. Halbuki, 1909-cu ildə “Molla Nəsrəddin” jurnalının 34-cü nömrəsində, “Poçt qutusu” bölməsində belə mənalı və eyhamlı bir qeyd var: “Şairimizə”: “Pişiklər mənzuməsinin mənasını başa düşmədik”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info