Qonaq Kitabı
EVLƏNMƏRƏM

 

Tavlama hər gün xala, mən hələ evlənmərəm!

Salmayıb öz başımı əngələ, evlənmərəm!

 

Gündə edib vəsvəsə, əqlimi çaşdırma sən!

Torbalayıb başımı, dərdimi daşdırma sən!

Eyləmə tərifini, həddən aşdırma sən!

Anla ki, aldanmaram hər dilə, evlənmərəm!

Salmayıb öz başımı əngələ, evlənmərəm!

 

Yox, yox, amandır, xala, mən su olub axmaram!

Huriyi-dünya ola, elmsizə baxmaram!

Cahiləyə etmərəm meyl, “nişan! Taxmaram!

Ömrümü puç eyləyər cahilə, evlənmərəm!

Yol başımın tüklərin, çəngələ, evlənmərəm!

 

Tərbiyəsiz, elmsiz yar qəşəng olsa da,

Sinəsi mərmər, beli incə və təng olsa da,

Zülfi-mütərraləri dopdolu rəng olsa da,

Hər nə ola vermiyib əl-ələ, evlənmərəm!

Salmayıb öz başımı əngələ, evlənmərəm!

 

Duz yerinə sən “ağu” qatmagilən aşıma,

Zalxa gözəldir deyib, kül ələmə başıma,

Mən baxıram hər yana; yarıma, yoldaşıma,

Bircəsini görmürəm ki, gülə, evlənmərəm!

Mən də salıb başımı əngələ, evlənmərəm!

 

Qaş-gözünü oynadıb, alnına endirmə bənd,

Ağzını burma mənə, etməgilən rişxənd,

Küs və nə də inci sən, eyləmirəm mən pəsənd,

Bunca əbəsdir nağıl, məsələ, evlənmərəm!

Salmayıb öz başımı əngələ, evlənmərəm!

 

İmdi olarmı mənə söylə görüm bir xələf

Kim, edə dünyada öz ömrünü zaye, tələf,

Keşdi sənin dəmlərin, əsrü zəmani-sələf,

Vermə əziyyət mənə, nafilə, evlənmərəm!

Danla, dalaş, tulla “tor”, qur “tələ”,

                                              evlənmərəm!

 

Olmasa yarım əgər kamilə, evlənmərəm!

Ömrümü puç eyliyər cahilə, evlənmərəm!

 

 

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info