Qonaq Kitabı
QIZLARIMIZ

 

( Bir qızın “Molla Nəsrəddin”ə bəyani-halı)

 

Verdi məni, ay Molla, atam bir dəli dəngə,

Bir boynu yoğun, əqli gödək, zorlu nəhəngə!

 

On bir yaşına yetməmiş idim hələ, Molla!

Hər yanda qurulmuşdu mənə min tələ, Molla!

Axırda məni saldılar əldən-ələ, Molla!

Getdim ərə bir sahibi-qəddarə, fişəngə,

Satdı məni ağsaqqal atam bir dəli dəngə!

 

Mən bilməz idim fərqini pir ilə cəvanın,

Əsla tanımazdım necədir rəngi hənanın,

Xilqətdə yazıbmış qələmi dəsti-qəzanın

Kim, eyliyə pabənd məni piri-cəfəngə!

Ah eyləmədən ta ki, bu canım gələ təngə!

 

Gəldim evinə arvad olub mən bu həpəndin,

Oldum qarabaş arvadına köhnə pəsəndin

Düşdüm içinə mərəkeyi-hiyləvü fəndin,

Hər şamü səhər əzdi məni saldı həvəngə!

Verdi məni, ay Molla, atam bir dəli dəngə!

 

Bir dürri-girənmayə idim, qiymətim itdi,

Tazə gül idim, buyi-ünasiyyətim itdi,

Bielm, hüququm, şərəfim, ismətim itdi,

Əfsus, şikar indi də oldum bu pələngə!

Satdı məni, ay Molla, atam bir dəli dəngə!

 

Azad, əsir olmağımı bilməyirəm mən,

Zülmətdə, əsarətdə qalıb ölməyirəm mən,

Qan yaşlarını gözlərimin silməyirəm mən,

Təsir eliyir hali-ğəmim rusü firəngə!

Heyhat... əsərbəxş ola bu sinəsi səngə!

 

Zülmət çəkilib, sübhi-səadət olacaq ya?

Xurşidi-müsavatü ədalət doğacaq ya?

Təbli-əmələ dəsti-bəşarət çalacaq ya?

Ya kim, qalacaqdır hələ bu qafilə ləngə!

Bu cismdə canım gələcəkdir belə təngə!?

 

 

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info