Qonaq Kitabı
YAZIM, YAZMIYIM

 

Molla! İşim yaşdı – yazım, yazmıyım?

Huşu başım çaşdı, yazım, yazmıyım?

 

Əqlimi puç etdi kitabət, yazı,

Xaməni atdım, buraxıb kağızı;

Sən də verirsən hələ çoxdan azı.

İndi buyur, baqqalı, ya bəzzazı.

Bir yekə fərraşdı yazım, yazmıyım?

Qəlbləri daşdı, yazım, yazmıyım?

 

Kari buraxdım, kefimə başladım,

Jurnalını, həm qəzeti daşladım;

Halvanı çaldım, həmi lavaşladım;

Bir neçə molla qarını aşladım,

Yekcə kələmbaşdı, yazım, yazmıyım?

Cümləsi qardaşdı, yazım, yazmıyım?

 

Getdi rəcəb, indi də şəban gəlir,

Cisminə kor mollaların can gəlir,

Məclisə ancaq ağa, bəy, xan gəlir,

Ac, gözü qan-yaşdı, yazım, yazmıyım?

Qəmlərə yoldaşdı, yazım, yazmıyım?

 

Doğrusu, baxdıqca müsəlmanlığa

Az qalıram üz qoyum ormanlığa,

Bənzəməyir yurdumuz insanlığa,

Cümlə verib özünü yovşanlığa,

Vəhşətə ağnaşdı, yazım, yazmıyım?

Zillətə uğraşdı, yazım, yazmıyım?

 

Bax, neçə insan qanı su tək axır;

Mənzərəsi ruh ilə canı yaxır;

Halva qapanlar ölülər tək baxır,

Var ağa, əyanlarımız bir naxır,

Leyk palanbaşdı, yazım, yazmıyım?

Sariqə sirdaşdı, yazım, yazmıyım?

 

Məncə, əbəsdir bu qəzet-məsxərə;

Beynimə batmaz, ha oxu min kərə;

Kar eləməz möcüzə gavə, xərə,

Üz dəxi öyrəşdi tüpürcəklərə

Qeyrət uzaqlaşdı, yazım, yazmıyım?

Məzhəb iraxlaşdı, yazım, yazmıyım?

Canım alovlaşdı yazım, yazmıyım?

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info