Qonaq Kitabı
ƏŞARİ ”“ MƏHZUNANƏ

 

(M. M. Axundovun sürgündə olduğu

zaman Tehrandan yazmış olduğu

“Nələr çəkdim, bu qürbətdə, əzizim!”

mətləli şeirinə cavab)

 

Qış fəslidir, çağlamayır irmaqlar;

Örtülmüşdür, qarla yaşıl yaylaqlar.

Qəmgin bir tövr almış xəndan tarlalar,

Məhzun durur süslü bağlar, bağçalar.

Tökmüş vərəq, sərv oxşayır qədidə,

Yar-yapraqsız əşcari-növrəsidə,

Pozğun çəmən, yaşıl otlar qurumuş,

Ortalığı qarğa səsi bürümüş

Uşmuş getmiş gülüstandan kələbək,

Çiçəklikdə yox, solmamış bir çiçək,

Yox sədayi-dilrübası bülbülün,

Var nişanı qönçənin, nə sünbülün.

 

Durmaqsızın dövr eyləyir xakdan,

Hər gün yeni bir rəng alır bu cəhan.

Bir gün Günəş çıxır bir saf üfüqdən,

Bir gün üfüq, müzlim bulutlu ikən.

Bir gün tökür soyuq qarlar, bulutlar,

Bir gün ondan şəbnəm alır göy otlar.

Bir gün edir buz yığını təcəssüm,

Bir gün olur bahar edir təbəssüm,

Bir gün olur aşiq düşür kənarə,

Bir gün alır məşuqəsin kənarə.

Gahi olur qan ağlayır didələr,

Gəh doldurur kaşanəyi xəndələr.

Gahi gedir, gəh ləng olur karvan,

Gəh puç olur, gəh sud edir, gəh ziyan,

Xəndan edir annasına gah naz,

Gəh ağlayır, bir məsumə qızcığaz,

Gəh mələyir mini-mini bir quzu,

Gəh görürsən otlağında yox izi

Gəh kükrəyir bir avulda beş igit,

Gəh bayquşlar o evlərdə verir “fit”!

Gəh gülşəndə gül yığır bir nazlı yar,

Gəh o yarı, qucaqlayır bir məzar.

Şeirim gəhi güldürüyor qələmi

Gahi qələm tedad edir ələmi.

 

Hər fərd bir ümid ilə yaşayır,

Hər yürəgi bir arzu oxşayır.

Hər gənc yürək bəsləyir gənc igeal,

Hər arzu olmayır hər qəlbə mal,

Hər zəhmətin aqibət var rahəti,

Hər rahətin olmaz deyil zəhməti.

Hər aşiq öz sevdiyinin quludur,

İşbu təriq eşq əhlinin yoludur,

Hər könüldə yox deyildir qəm, ələm,

Birində çox, digərində olur kəm.

Yazmışdınız kəndiniz də “səbr, səbr”!

Əvət, əvət, əvət, əvət, bəradər!

 

Siz düşəli yurdumuzdan uzağə,

Yandıralı bizi nari-fərağə,

Məlumdur çəkdiyiniz əziyyət,

Etmədiyi millətinin həmiyyət.

Lakin sənə yaxın yoldaş, yar olan,

Etməmişdir bivəfalıq, sən inan,

Yox mühitü millətində qədrdan,

Sözlərimiz həp laqırtı, boş, yalan,

Qövl vardır, feil yox – “var sanmayın”,

“Səndəl” iyi “söyüddən” siz ummayın.

Haşa, sizə söz öyrədir deyiləm,

Gəlmiş sıra, eyləyirəm şərhi-qəm.

 

Qəmdir, bütün türk[1] aləmin bürümüş,

Arzular könüllərdə çürümüş.

Gündə yüz-yüz, yeni-yeni hadisat,

Başımızda partlayırlar, yox nicat.

Türk yurdunun sağ qanadı kəsilir,

Türk milləti gündən-günə əksilir.

Türk bəsləyən, türk qadını, türk qızı,

Bədnam oldu, ar öldürməzmiş bizi,

Türk milləti, türk vətəni, türk eli,

Türk ocağı, türk ölkəsi, türk dili,

Məhv oluyor, gələcəyi ağlatır,

Millətimin şərbətinə zəhr atır.

 

 

1908

“Sijimqulunamə”

 

 


[1] Azərbaycan.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info