Qonaq Kitabı
ZİNDAN

 

Şair Mirzə Məhəmməd Hatifin sürgün olunması münasibətilə yazılıb.

 

Guşeyi-zindan sənə, ey nocəvan!

Oldumu amalına qarşı məkan?

Söyləmədimmi sənə faşü nəhan

Çəkmə bu millət qəmini, əlaman,

Şimdi təəssüflər ola halına,

Dəydi bəla tiri pərü balına.

 

Ey xələfi-alimi-bimisl... ta,

Qəddini millət qəmi etdi duta.

Söylədiyin nağılı “va milləta!”

Millətinə etdimi təsir... ta:

Şimdi təəssüflər ola... halına,

Dəydi bəla tiri pərü balına.

 

Yetdimi kami-dilə əhli-qərəz!

Verdimi amalına layiq əvəz!

Qabili-behbud deyil bu mərəz!

Heyf, bu zəhmətləriniz... əlqərəz,

Şimdi təəssüflər ola halına,

Dəydi bəla tiri pərü balına!

 

Var idimi cürmü xəta karınız?

Gördilə zindanə səzavarınız!

Qəmlərinə oldumu qəmxarınız?

Güldümü ya milləti-biarınız?

Yandımı millət dediyin halına?

Dəydi cəfa tiri pərü balına!

 

Vəhşi nədir, bilmirəm insan nədir?

Zülm nədir, ədl nə, vicdan nədir?

Kafirü mürtəd, müsəlman nədir,

Hiylə, danosbaz nədir, iman nədir?

Verdimi təğyir danos halına?

Vurdumu zəncir pərü balına?

 

Mən demədimmi ki, fəğan eyləmə!

Eybini mollanın əyan eyləmə!

Şeyxi tanı, sufini qan eyləmə!

Fikrini nitqində bəyan eyləmə!

Baxmadın, əfsus, bu gün halına!

Dəydi bəla tiri pərü balına!

 

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 27.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info