Qonaq Kitabı
SİZƏ NƏ

 

Eybguluq nə idi eylədiniz pişə əmu!

Bu işin aqibətin etməyib əndişə əmu!

Bu fəna iş nə idi tulladınız ortalığa!

Sizi kim qoydu bizim üstümüzə darğalığa!

Yaraşarmı belə işlər de görüm mollalığa?

Salmısız aləmi siz qorxuya, təşvişə əmu!

 

Nə ricuiz var, atam, milləti çapdı ağalar,

Sizə nə üstümüzə saldı qıçın qurbağalar.

Ya bizə sahib olubdur başı saçlı çağalar,

Cücələr tək bizi çəkməkdədirlər şişə, əmu!

 

Gəncədə bir-birini qırdı müsəlman, sizə nə?

Buna çarə aramır polisa, nə divan, sizə nə?

Nə də tədbir eləyir molla və bəy, xan, sizə nə?

Siz nə dürtülmüsünüz ortaya, hər işə əmu!

 

Nafilə şəhrimizə seyrə gəlibdir Mozalan!

Hər nə gördükcə yazır jurnala bilcümlə yalan!

Ona nə borc, yaza qəsdində iki dəstə cavan!

Məst, pişto atılır, əl qırılır, şişə, əmu!

 

Sizə nə Gəncə belə, Baku belə, həm İrəvan?

Qarabağ, həm Nuxu, Dərbənd, Quba, ya Şirvan?

Sizə nə, ay baba, canım, sizə nə, ay atacan!

Siz deyirsiz ki, ola xali gərək mişə, əmu!

 

Get yıxıl yat, ay atam, xaneyi-viranında,

Saxla həm bir neçə gij-bijləri də yanında.

Millətin qeydini çəkmək var isə canında,

Sən duanı, falı, cindarlığı et pişə əmu!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 26.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info