Qonaq Kitabı
EVLƏNMƏZ İDİM

 

Molla, bilsəydim işi, adı mən evlənməz idim!

Gər biləydim ki, budur dadı, mən evlənməz idim!

 

Getdi əqlim mənim əyyami-cəvanlıq dəminə

Ki nədir, mən dözərəm zövcələrin hər qəminə

Bilsə idim ki, dözəməm buların çəmxəminə,

Heç qoyub üstümə bu adı, mən evlənməz idim!

 

Mən dedim: evlənərəm, ta iki arvadım olar,

Biri fikr ilə xəyalım, biri övradım olar,

Az keçər, hər birisindən neçə övladım olar,

Qansa idim hamı biçadı, mən evlənməz idim!

 

Bilmədim, tazə gələn köhnəyə hədyan deyəcək...

Köhnə də tazəyə “heyvan qızı heyvan” deyəcək,

Axırı bir-birinə min cür böhtan deyəcək,

Güləcək qonşusu, həm yadı, mən evlənməz idim!

 

Nə bilim, Zalxa dua yazdıracaq at nalına,

Tazə arvad da bunun əl qatacaqdır yalına,

Söyəcək hər ikisi mən yazığın saqqalına,

Sinnimin saleyi-həftadı, mən evlənməz idim!

 

Bilmədim dərdi-vərəmdən ürəyim partdıyacaq,

Qocalıqdan bədənimdə sümüyüm xartdıyacaq,

Madəxərlər qızıxıb, nərrə xəri tapdıyacaq,

Döyəcəklər qoca damadı, mən evlənməz idim!

 

Molla, rəhm eylə mənə, hali-pərişanıma bax!

Ağaran saqqalıma, əngimə, dəndanıma bax!

Qövlümə, felimə, təsbihimə, qəlyanıma bax!

Oxusaydım əgər “İrşadı”, mən evlənməz idim!

 

 

Peşiman qoca

“Molla Nəsrəddin”, 1908, â„– 25.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info