Qonaq Kitabı
KEFİMDİ

 

Əhməd yekəlib bircə qoçaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Çoxdandı itib izzətü şanım aralıqda,

Heç kim nə sayır, hörmət edir, nə qaralıqda.

Üstümə ayaq almadadır kök də, arıq da,

Fərzəndim əgər əldə çomaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Cüt sürməgilə sərvətü samanım olarmı?

Bu kəsbi-həlal ilə də milyanım olarmı?

Bu olmasa, Koroğlu da mehmanım olarmı?

Oğlum bu igitlərlə qonaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Gəlmir qara pul, doğrusu, doğru ələ əldən,

Olsa, olacaqdır genə təzvirü həyəldən

Fikrim budu, bir dəstə yığam bij, bədəməldən,

Amma pesərim işdə səyaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Pambıqdan, üzümdən nə muradım olu hasil?

Nə elmilə, sənətlə olur teyyi-mənazil,

Sağ əldə tüfəngi xələfin, sonda həmayil,

Quldurluğa zatında maraq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Pəhzənlik edib də dağında cümlə dehatı,

Həm qətl eliyib qarət edə çöllünü, tatı,

Ta tolduruban ciblərinə ağça, manatı,

Bu növ ilə xalqa dadanaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

Bu vəchilə ta üqdeyi-hər karım açılsın,

Min töhfə və peşkəşlər ayağıma saçılsın.

Hacı Şükürün də qızı bir gün qaçırılsın,

Boz kürkümə atlas yamamaq olsa, kefimdi!

Bədzata əsili çalamaq olsa, kefimdi!

 

Axırda əlimdə qala məzhəb, nə də iman,

Bir gün qoya növrəstə balam xanəmi viran.

Bir gülləyə sirqətdə verə canını qurban,

Tazə gəlinim qaraduvaq olsa, kefimdi!

Namus ilə qeyrətdən uzaq olsa, kefimdi!

Bir at belinə minsə, qaçaq olsa, kefimdi!

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 24.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info