Qonaq Kitabı
NƏ İDİ?

 

A kişi, andıra qalmış bu dəbistan nə idi?

Saldılar ortalığa, bu ədəbistan nə idi?

Nədi bu tazə üsul ilə oxu, yazı, kitab?

Dosqa, istollu, yeni məktəbi-ürfan nə idi?

Mağıl əyyami-sələfdə var idi mədrəsələr,

Belə bir bijxana, bir məktəbi-şeytan nə idi?

Gətdilər, yoxdu müəllim deyib, İstambuldan,

Burada, bəs bu yekə molla Süleyman nə idi?

Kimsəmizdə dəxi pul qalmadı, aldı ürəfa,

Məktəbə əlli manat hədyə və ehsan nə idi?

Molla Yusif, sən öl a... Yoxdu əlacım, yoxsa

Gədəni qoymaz idim uşqola, viran nə idi?

Oxunur coğrafiya orda, təvarixü hesab,

Babadan qalma bə “Əbvab”, “Gülüstan” nə idi?

Fırlanır Yer, yeriyir Gün, durur əncüm derlər,

Yerin altında öküz var, nə də heyvan, nə idi?

Zərəbə Zeyd nədir, cəmü bu tərhü təqsim

Bundan ötrü çəkə zəhmət, məgər insan nə idi?

Molla Sadıq verməzdi bizə bu cür məşq fəqət;

Yazdırardı: Əli bir fund, quluncan nə idi?

Çün dua yazmağa lazımdı hesabi-əbcəd,

Öyrədirdi daha təsbih ilə asan, nə idi?

Evini yıxdıla xəlqin, a canım, bu ürəfa.

Beylə cəmiyyəti-məktəbdə, müsəlman nə idi?

Pak, pakizə, qaraqaş, alagöz səbyanı,

Bu mürəbbilər edib münsəlib iman, nə idi?

Heç də xoşlanmayıram məktəbi-ruhanidən,

Sünnidir cümlə müəllimləri topdan, nə idi?

Daha qorxum budur işlər ola bundan bedtər,

Bamüsavi ola həmmal ilə əyan, nə idi?

Becəhənnəm, hələ bunlar, ay axund, ağrın alım.

Açılır indi də bu məktəbi-nisvan, nə idi?

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1908, â„– 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info