Qonaq Kitabı
BİR QIZIN MOLLA NƏSRƏDDİNƏ ƏRZ-HALI

 

Babacığım! Olsa da zəhmət sənə,

Halıma bax, eylə şəfəqqət mənə;

Sənsə də lütf eylə məhəbbət mənə,

Qılmadı çün kimsə mürüvvət mənə.

Mən yazıq oldum, məni aldatdılar,

Beş quruşa bir qocaya satdılar.

 

Bir qız idim doqquza çatmış yaşım,

Çıxmaz idi var ilə yoxdan başım;

Bir gün atam, bir də anam, qardaşım:

Çünki mənim atmalı idi daşım,

Əlbir olub da daşımı atdılar,

Beş quruşa bir qocaya satdılar.

 

Hərçi mən inkar elədim, getmədim,

Onlar edən əmri qəbul etmədim,

Qılmadım iqrar, işə bitmədim,

Ax... Niyə bir dəfə ölüb itmədim?

Zor ilə qol-qılçamı bağlatdılar,

Qarə pula bir keçələ satdılar.

 

Verdilə mən zarı nə cür bir ərə,

Dördünü almış bir öküz peysərə,

Molla da uydu, baba, simü zərə,

Kəbinimi kəsdi, salıb dəftərə.

Kabla Qulama məni yalvartdılar,

Gah alıb, gah məni satdılar.

 

Çün ərimin var imiş evdə genə,

Bir, iki, üç övrəti ərzim sənə.

Üç qızı, dörd oğlu ilə bir nənə,

Saldı məni on birinin çənginə;

Hər biri bir söz sözümə qatdılar,

Hər gecə kəl peysərə tapdatdılar.

 

Bu nə ər-övrətlik idi, bilmirəm,

Ta gələli bu evə gün görmürəm;

Şanə çəkib zülfünü bir hörmürəm,

Sirrimi də qardaşıma vermirəm,

Çünki olar ədlə xələl qatdılar,

Mən yazığı mal kimicə satdılar.

 

Mən deyiləm bircə qara bəxt olan,

Yüz mini var mən kibi kəm talean,

Zalxa, Tükəzban və Pəri, Hürcəhan,

Leyk mənim tək hanı ağlar qalan?

Ağlamaz idim, məni ağlatdılar,

Müftəcə bir çal qırığa satdılar.

 

Adinə axşamı qopar cəngimiz,

Bir kişi, dörd övrət, olur həngimiz;

Axırı qalxar qoca sərhəngimiz,

Çoxca kötəklər, əzilər, əngimiz,

Gündə vurub əngimi laxlatdılar,

Sübhdən axşamə dama qatdılar.

 

Baba, uşaqlarına qurban olum,

Söylə, nə vəqtə kimi heyvan olum?

Mən nə edim daxili-insan olum?

Ta nə zaman böyləcə giryan olum?

Elmsiz ədnalığa uğratdılar,

İsməti, insafı ayaqlatdılar.

 

 

“Molla Nəsrəddin”, 1908, â„– 18.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info