Qonaq Kitabı
KİŞİLƏRİMİZ

 

Biz almışıq arvad, alaq çəkməyə,

Almamışıq, zülfə daraq çəkməyə.

Biz almışıq: arvad ola cariyə,

Almamışıq: xanım olub yariyə.

Biz almışıq övrəti iş görməyə,

Almamışıq, gündə saçın hörməyə.

Biz almışıq qayınana saxlasın,

Almamışıq, gecə-gündüz yuxlasın.

Biz almışıq övrəti əppək yapa,

Almamışıq, düzməyə mıncıq sapa.

Biz almışıq saqqala rəng yaxmağa,

Almamışıq qızıl, şəvə taxmağa.

Biz almışıq övrəti ev saxlaya,

Almamışıq, vel gəzə sarsaqlaya.

Biz almışıq yırtıq-yamaq sağlaya,

Almamışıq ağlaşmada ağlaya.

Biz almışıq arvadı duz əzməyə,

Almamışıq gündə gedə gəzməyə.

Biz almışıq qulluq edə quş kimi,

Almamışıq bannıya bayquş kimi.

Biz almışıq övrəti oğlan doğa,

Almamışıq, qız doğa bərbadlığa.

Biz almışıq başmaqları cütdəsin,

Almamışıq, hey özünü bitdəsin.

Biz almışıq, tək oturub gözləsin,

Almamışıq, xala-mama cəmləsin.

Biz almışıq, nehrəmizi çalxasın,

Almamışıq, uşaqlara qarğasın.

Biz almışıq, gül bəzəsin güldana,

Almamışıq baldıza donquldana.

Biz almışıq övrəti gülsün, desin,

Almamışıq, it kimi zingildəsin.

Biz almışıq övrəti, bozbaş yesin,

Almamışıq, gündə qazan aş yesin,

Biz almışıq övrəti can-baş desin,

Almamışıq hey bizə külbaş desin.

Biz arvad aldıq ki, olaq bir kişi,

Almamışıq, pis bişirə bişmişi.

Biz almışıq övrət, olaq bəxtəvər

Almamışıq, gündə çəkək dərdsər.

Biz almışıq övrət ola doğrusu,

Almamışıq, olsun evin oğrusu..

 

Məşədi Sijimqulu dayı

“Molla Nəsrəddin”, 1908, â„– 12.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info