Qonaq Kitabı
BEYT

 

Oğul və ata

 

O ğ u l – Ay dədə, qoy məni gedim

Məktəbə, orda elm oxum.

A t a   –  Kəs səsini, a naxələf,

Pis süd əməncə, bij toxum.

O ğ u l – Ay dədə, rəhm qıl mənə,

Sən kibi cahil olmuyum.

A t a    – Adə, çəkil kənarə get,

Ay səni qəbrə quyluyum.

O ğ u l – Tazə üsul ilə verir

Dərsi-ədəb müəlliman.

A t a    – Öylə yeni müəllimə...

Mən səni vermərəm, inan.

O ğ u l – Versən o məktəbə məni

Səncə günah olur məgər?

A t a   –  Bəlkə günah olur nədir,

Küfr oluram yerim səğər.

O ğ u l – Ay dədə, söyləmə əbəs,

Kafir edərmi şəxsi elm?

A t a   –  Ay qoducaq, axund deyir

Adəmi azdırır bu elm.

O ğ u l – Qorxma, ata, bu məktəbin

Nəfi də çoxdu, xərci az.

A t a   –  Vallah, itil, vuracağam

Başına bir yekə qapaz.

O ğ u l – Ay dədə, elmsiz nasıl

Mən bu zəmanda iş görüm?

A t a   –  Ay vələdüzzina səni...

Odda, ocaqda piş görüm.

O ğ u l – Ay ata, elmü fənnsiz

Şəxs qəni olarmı ya?

A t a   –  Pul məgər elm ilə olur?

Qurbağa oğlu, qurbağa.

O ğ u l – Ay ata, elmsiz... məgər

Var ulağ ilə fərqimiz?

A t a   –  Heç be cəhənnəm, olmasın

Boylədi səbkü rəngimiz..

O ğ u l – Durmaq olurmu boş-bekar?

Bəs mənə söylə, neyləyim?

A t a   –  Get mal oğurla, adəm at

Kəsb elə, mən nə eyləyim?

O ğ u l – Müxtəsəri, qoymursan

Mən də bu məktəbə gedim?

A t a   –  Şümrü Yezid olum əgər

Mən bu günahə əmr edim.

A t a   –  Bircə baxın, bu naxələf

Söylədiyi cəfənglərə.

Gör kimə tay edir məni,

Bir para lağ səfehlərə.

Yox, yox, amandı, qoymanam

Bu işə mən heç uymanam.

Min desələr də qanmanam,

Atəşi- “veylə” yanmanam,

Molla Qurut deyib mənə

Özgə sözə inanmanam.

 

 

“Molla Nəsrəddin”, 1908, â„– 9.

 

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info