Qonaq Kitabı
MOLLA

 

Nə olar ki, dinməyib sən,

Durasan kənarə, Molla.

Yığasan qələm-kitabın,

Qapayıb... idarə, Molla.

Qayıdıb da əsri-mazi,

Gələ ta dübarə, Molla.

Genə biz edək idarə,

Yapışıb da karə, Molla.

Özümüz çıkib riyazət,

İşi bir salaq nizamə.

Vuruban təməddünə pa,

Hamını qoyaq qiyamə.

Eşiyə çıxan qınından,

Qılıcı soxax niyamə.

Genə pas basıb beşüz il,

Bulana ğubarə, Molla.

Ay axund, evin yıxılsın,

Adına baxıb utan bir.

Bu qədər ləcacət olmaz,

Şu qəbahətini qan bir.

Dediyin çərən-pərəndən,

Yorulub dəxi usan bir.

Dolaşıb sataşma bunca,

Ağaya... kübarə, Molla.

Adə, ay yeni müsəlman,

Nə soxulmusan ərayə,

Yapışıb boğazımızdan,

Bizi salmısan bəlayə.

Füqərayə yan basıb həm,

Edirsən bəyə kinayə.

Deyirsən nə olsa şeyxə,

Həmi maldarə, Molla.

Mən ölüm ki, sən atıbsan,

Kişi, məzhəb ilə... dini.

Azıdıb edibsən iğva,

Ala gözlü müslimani.

Oxuyanların da jurnal,

Nə zəkası var, nə beyni.

Onların da əqlin almış,

Bu yazı, bu qarə, Molla.

Kişilər, bilin, aradan,

Götürüldü dinü iman

Bizə indi vaiz olmuş,

Başı şapqalı Nəriman

Bizə məsxərə yazan kim?

Bu, bu Faiq ibn-Neman.

Nə bilim, filan, filanlar,

Yanıram şərarə, Molla.

Hələ bu qəzetçilər gör,

Yenidən nələr yapırlar.

Nədi şiə, sünni ləfzi?

Deyib atların çapırlar.

Nərədə bir əksi-adət

İş olursa, tez tapırlar.

Sığışarmı ya bu bidət.

Söylə, nəngü arə, Molla.

 

 

Məşədi Sijimqulu.

“Molla Nəsrəddin”, 1908, â„– 5.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info