Qonaq Kitabı
CAVAB

 

(çayda çapana)

 

Çayda çapan qardaşım,

Ağlama, ağları gör,

Fikr elə bir az, qadam

Xəlqi, sora karı gör.

Bilmərəm axır nolub,

Bircə quzum, bizlərə

Evdəcə gizlənməyək

Çıxmıyıban düzlərə.

Cami-səfahət, atam,

Kim içirib sizlərə,

Bir bunun əqvalını,

Yazdığı əşarı gör.

Zəngəzura bircə bax,

Gör hara, sən haradasan,

Əpməgi çox, dərdi yox,

Sən niyə qur-qurdasan?

Cümlə əbəs ağlaşır,

Qəm yemə heç, burdasan.

Əzm elə Yevlağa sən,

Orda vaqonları gör.

Neyləsin, ay qardaşım,

Mollalar axır belə.

Çərxi-zəbun onları,

Saldı belə əngələ.

Əqlini yığ başına,

Rəhm elə, insaf elə.

Məxrəci-pakindəcə,

Yağlı plovları gör.

Milləti-nadanının,

İşləri canın alıb,

Cümlə müridi qaçıb,

Ərsədə yalqız qalıb.

Tayifeyi-bivəfa,

Bunları yemdən salıb,

Taxçada tozlar basan,

Ağca səmavarı gör.

Bilmirəm axır nədir

Fikrin, a Çayda çapan?

Müflis olaq bizdəmi?

Halımız olsun yaman?

Onda deyərlər bizə,

Vot tebe, başqa saman

Yox, lələ, vallah məni

Əfv elə, əğyarı gör.

Neyliyib axır sizə

İntiligentlər, balam,

Sən danışan sözlərə

Səbr eliyər kim, adam.

Ta ki, peşiman olur

Bir lütə vermir səlam.

İndi təmaşayə gəl,

Hərzəni, göftarı gör.

Tari də şahid, bular

Kim, nə cəfa çəkdilər.

Millət adın əldəcə

Dami-hiyəl tikdilər.

Ac adına pul yığıb

Qoltuğa bərkitdilər.

İndi ac-ucdan gələn

Ahü fəğanları gör.

 

 

Həcamətverdi

“Molla Nəsrəddin”

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info