Qonaq Kitabı
ATANIN OĞLUNA VƏSİYYƏTİ

 

Ey mənim ruhi-rəvanım, ey oğul.

Ey mənim cismdə canım, ey oğul.

Ey mənim sərvi-rəvanım, ey oğul.

Ey mənim tab, təvanım, ey oğul.

Ey olan dideyi-binurimə nur,

Ey verən bu dili-məhzunə sürur.

Ey mənim mayeyi-izzü şərəfim,

Ey həyatım səməri, vey xələfim.

Ömrümün gülşəninin sən gülüsən,

Dirilik bağımızın bülbülüsən.

Sən mənim bu cigərim parəsisən,

Könlümün dilbəri-məhparəsisən.

Ey mənim baisi-hər eyşim, oğul.

Qüvveyi-samieyi-guşim, oğul.

Oğul, ey baği-həyatımda nəhal.

Oğul, ey sahibi-iqbali-cəmal,

Eşidib bu sözümü dərguş et,

Badeyi-pəndimi al da, nuş et..

Sənə məndən bu vəsiyyətdir, oğul.

Qulaq as, yaxşı nəsihətdir, oğul:

Olgilən elmə tələbkar, oğlum.

Elm oxu, ol belə huşyar, oğlum.

Elm, insanlara zinətdir, bil,

Elm, nuri-bəşəriyyətdir, bil.

Eylə, növrəstə balam, kəsbi-ülum,

Adəm ol elmlə, adəm, yavrum.

Nuri-elm ilə işıqlanmalıdır.

Cəhlü zülmətdən uzaqlanmalıdır.

Elmdir baisi-üqba və həyat,

Elmdir mənbəyi-feyzü bərəkat,

Elmdir kaşifi-əsrari-nihan,

Elmdir ruh, bədəndir insan.

Elm ilə fəxr eləyir növi-bəşər,

Elmdir vasiteyi-muxtəriat,

Elmlə kəşf edilir rahi-nicat.

Əlğərəz, elmlədir dövri-cəhan,

Ey oğul, elmlədir rahəti-can.

Kişinin zinətidir elm ilə fən,

Olur abad ülum ilə vətən.

Elmlə millət olur şən, məsrur,

Elmlə kütlə alır qüvvətü zur.

Aç qulaq, dinlə bu söhbətlərimi,

Saxla yadında vəsiyyətlərimi.

Elmsiz qiymətin olmaz, anla,

Qüvvətin, qüdrətin, olmaz, anla

Yaşamaq istər isən, can oğlum,

Elm kəsb eylə firavan, oğlum,

Eylə əxlaqını elm ilə qəşəng,

Eyləmə kəndini bikar, cəfəng,

Elmlə helmi qəbul et, mum ol,

Nə ki, bədxülq olaraq, məzlum ol.

Atma bu sözləri canım, pedərim,

Söylədim, anla əzizim, pesərim.

 

 

1904

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info