Qonaq Kitabı
GÜLÜR ALƏM BU GÜN

 

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün,

Bir alın, bir üzdə yox asari-möhnət, qəm bu gün!

 

Bəxtiyarlıqda səadətlər içində el, vətən,

Nurə, ətrə, hüsnə, ruhə, zövqə qərq olmuş çəmən.

İncə, şaqraq səslə bülbül də ötür gülşəndə şən,

Çevrilibdir toylara, bayramlara aləm bu gün,

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün.

 

Bir gülüstandır sanırsan doğma el, Azərbaycan,

Gül dodaq, qönçə ağızlarda təbəssüm hər zaman.

Nəşəli, şad, mehriban istər qoca, istər cavan,

Bir alın, bir üzdə yox asari-möhnət, qəm bu gün!

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün.

 

Qarşımızda taleyin dilbər qızı açmış camal,

Yırtıcı düşmən edilmiş qüvvəmizlə payimal.

Qalibiyyətlə sona çatmış vuruş, qovğa, qital,

Diz çöküb cəllad, qüdrətli xalq önündə tam bu gün,

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün!

 

Böylə parlaq bir zəfərdən verməyir əsla xəbər

Hadisat ilə dolu ömründə tarixi-bəşər.

Partiya dövrü yaratdı tək belə bir şah əsər,

Partiya dühasilə yüksəldir bizi hərdən bu gün,

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün!

 

Qalibiyyət bayramı evdən çıxarmış hər kəsi,

Yüksəlir meydan, küçə, bağda zəfər, şan nəğməsi.

Titrədir aydın havanı vətənə alqış səsi,

Qalib əllərdə gəzir hər yerdə cami-cəm bu gün,

Min fərəhlə, min sevinc ilə gülür aləm bu gün!

 

 

Əli Nəzmi

“Ədəbiyyat qəzeti”, 1945, 10 may.

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info