Qonaq Kitabı
MİNACAT

 

Eşit, varsan əgər pərvərdigara!

Danış, yoxsan məgər pərvərdigara!

 

Deyirlərdi ki, var səndə ədalət,

Qəzəb, rəhmət, bəla, möcüz, kəramət,

Yox indi lütf, qəhrindən əlamət.

Yalan çıxdı xəbər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

İşarənlə olurmuş məhv zalim,

Bunu min il dedi nitqində “alim”,

Səni danmaq deyil haşa xəyalım,

Tutub dünyanı şər, pərvərdigara!

 

Qapansın ağzım, olsun pis dilim lal,

Yox indi səndəki əski kərəm, hal.

Dolub zülm ilə yer, göy, bir nəzər sal,

Gedir əldən bəşər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Edir allahlıq indi yerdə Hitler,

Onu qaldır göyə, döy, söy, cəza ver,

Belə bir nanəcibi istəmir yer,

Yetər artıq, yetər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Onu qəsdən yaratmışsan özünmü?

Ya səhv etdinmi, görmürmüş gözünmü?

Cavab ver!.. Yox bizə yaxud sözünmü?

Xəta başdan törər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Deyil insan, o bir insan yeyəndir,

Libası, eybin örtməkçin geyəndir,

“Gərək hökm etsin ancaq kin” deyəndir,

Yer olmuş qanla tər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Uşaq, arvad, qoca, xəstə, cavan yox,

Qılınc, oddan xilasa yol tapan yox,

Əsir olsun, şikəst olsun, aman yox,

Əhali dərbədər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

Bütün elmi və tarixi əsərlər,

Kitab, məktəb, muzey, kəndlər, şəhərlər,

İbadət evləri, mehrabü minbər,

Yanır üzdə kədər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Sən allahsan, yatıbsansa oyan bir,

Yorul səbr etmədən artıq, usan bir,

Bu pis məxluqunu rədd et, utan bir,

Yetər bunca xətər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

De, əzrayil o sinəyə tüpürsün,

Bu mikrobdan yeri silsin-süpürsün

Buraxma, çox şişib, artıq köpürsün.

Vurur xalqa zərər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

Edər ordum onu sənsiz də bərbad,

Qazanmazsan fəqət sən, onda bir ad,

Əlimdə, bax, yarımcandır bu cəllad,

Dəbər bir müxtəsər, pərvərdigara!

Eşit, varsan əgər pərvərdigara!

 

 

Əli Nəzmi

“Ədəbiyyat qəzeti”, 1942, 10 may.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info