Qonaq Kitabı
CANAVARIN ALLAHA ETİRAZI

 

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

Ya işə onda dəyər verməyə diqqətmi yox?

 

Oxşadır onlar mənə, gündə yazıb, Hitleri,

Halbuki, heç də bunun yox hala uyğun yeri.

Qalmışam, aləm bilir, mən o köpəkdən geri.

Yırtıcı o, ya mənəm? Hər kəsə qiymətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Ağzı qara, dörd ayaq, boz canavardır adım,

Yırtıcı, vəhşi bütün, danmayıram, əcdadım.

Lakin Adolf atdığı addımı mən atmadım.

Məhkəmə, hakim, qazı, qayda, şəriətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Bir ananın gənc oğlu, ya qızını ver nişan,

Öz qucağında qanın şişəyə tutdum haçan?

Məndə bu vəhşiliyi görmədi haşa zaman!

Üstümə yıxdıqları çirkə nəhayətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Zülmünə qoymuş bütün aləmi heyran faşist,

Körpə qanından arar dərdinə dərman faşist,

Dörd ayağı yox onun, ya deyil insan faşist?

Ya ki, o insanda qəlb, üz suyu, qeyrətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Mən, mədəni bir bina, abidə yandırmadım,

Qız, qadın öldürmədim, körpə, qoca qırmadım.

Bircə ədib, alimin yazdığını cırmadım.

Bunları Hitler edir, bilməyə hacətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Qoydu nişanə oxa gəncləri hitlerçilər,

Dinc, əliboş xalqları eylədilər dərbədər.

Yırtıcı heyvan deyil rəhmsiz onlar qədər,

Hər şeyi təfriq üçün rəhm, fərasətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

Marnupolu qoydu kim öylə xaraba tamam?

Etdi əhalisinin kirt yarısın qətli-am?

Çox edəcəksənmi, de səbr eləməkdə davam?

Zalimi məhv etməyə səndə kəramətmi yox?

Varlığını göstərə bilməyə cürətmi yox?

 

Mən belə haqsızlığa etməliyəm etiraz,

Bəndə sənindir, onu danla, öyüd ver bir az.

Qoy mənə oxşatmasın Hitleri, bir hökm yaz!

İzzəti-nəfsə məgər zərrəcə hörmətmi yox?

Tanrım, adamda məgər rəhm, ədalətmi yox?

 

 

Əli Nəzmi

“Ədəbiyyat qəzeti”, 1942, 21 aprel.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info