Qonaq Kitabı
TÜLKÜ HƏCCƏ GEDİR

 

Uçdu pozuldu planı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin,

Şərqdə ona hərb oturur çox baha,

Şuğlu bu gün ah calamaqdır aha,

Gah sığınır millətə, gah allaha,

Öfgəsi çəkmir havanı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

 

Məhv edilir bandaları cəbhədə,

Tankları, tanketkaları, cəbhədə,

Qaçmadadır qərbə sarı cəbhə də.

Düşdü belindən palanı Hitlerin,

Heç yerə dəymir dabanı Hitlerin.

 

İndi “fürer”, həm də komandandır o,

Lakin işində hələ heyrandır o,

Son dərəcə qəmli, pərişandır o,

Yox halına ağlayanı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

 

Ordulara hər nə qədər “dur” deyir,

“Qoyma gəlir, bolşeviki vur!” deyir.

“Qaçma dayan, rusları durdur!” deyir,

Yox duranı, durduranı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

 

Etdi bu günlər yenə o bir çıxış,

Sıxmış onu anlaşılır xeyli qış.

Heç deyil əvvəlki qədər xoş naxış,

İşləməz olmuş kotanı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

Öz çıxışında o demişdir ki: “mən –

Bir adamam sülhü səlah istəyən!”

Sonra demiş: “mən sevənəm səy, əmək,

İstəmədim hərb, dilənirdim çörək!”

Xalqlara bəlli yalanı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

 

Həccə gedir tülkü, həzindir səsi.

Qəm gətirir “sümsüsünün” nəğməsi.

Aldada bilməz bu kələk heç kəsi,

Dəydi daşa ox-kamanı Hitlerin,

Qarəti, qətli, talanı Hitlerin,

Qurtarıb arpa-samanı Hitlerin,

Molla çağır, çıxdı canı Hitlerin,

Çox qaradır indi qanı Hitlerin.

 

 

Əli Nəzmi

“Ədəbiyyat  qəzeti”, 1942, 31 yanvar.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info