Qonaq Kitabı
HİTLERDƏN ƏLALTILARINA

 

Şərqdə işlər ayrı bir rəng aldı, yardım göndərin!

Şöhrətim, yüksək adım alçaldı, yardım göndərdin!

İş, komandan olduğum gündən gəlir hər yerdə nəhs,

Qoymayır alsın sovet əsgərləri, ordum nəfəs,

Qovhaqovdur, qırhaqırdır, vurhavurdur, kəshakəs,

Cəbhədə səngərlərim boş qaldı, yardım göndərin!

Şərqdə işlər ayrı bir rəng aldı, yardım göndərin!

 

A n t o n e s k u:

 

Səndəkindən az deyildir indi məndə iztirab,

Dostluğundan el xarab, ölkə xarab, işlər xarab,

Yaxşıdır olsa adam bir az utancaq, xudhesab,

Yox vətəndə ət, çörək, yağ, qalmamış millətdə tab,

Hitlerə layiq şeyim yox, incimə, əfv et, “cənab”!

 

M u s s o l i n i:

 

Hər nə ki, vardı italyanlarda sən verdin bada,

Bir qarış torpaq əlində qalmamış Afrikada,

Yox Eritrey, yox həbəş, sal bunları bir-bir yada.

Möhtacam mən də böyük bir möcüzə, bir imdada,

Məhvə məhkumuq əgər çatmazsa allah fəryada!

 

X o r t i:

 

Cəbhədə məhv oldu az müddətdə qırx beş min macar,

Adlı, şöhrətli, səvarilər edilmiş tarımar.

Ordular möhkəm deyil, zabitlərə yox etibar,

Yardıma bizdən, əbəsdir, olma artıq intizar,

Şərqdə qalib gəlməyə kimdə inam, ümmid var?

 

M a n n e r h e y m:

 

Mən bütün fin xalqını satdım, fəda etdim sənə,

Onları min dillə aldatdım, fəda etdim sənə.

Bir oyuncaq qıldım oynatdım, fəda etdim sənə,

Qanlara, torpaqlara qatdım, fəda etdim sənə,

Tanrımı, insafımı atdım, fəda etdim sənə.

İndi artıq yardıma yox iqtidarım, əl götür!

Qalmamış millət yanında etibarım, əl götür!

 

H i t l e r:

 

Ey böyük tanrım, mənə yox müttəfiqlərdən kömək,

Qoyma dinsiz bolşeviklər “dostuna” vursun kötək!

 

 

Əli Nəzmi

“Ədəbiyyat qəzeti”, 1942, 10 fevral.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info