Qonaq Kitabı
HİTLERİN ALLAHLA İTTİFAQI

 

Bizə hücumundan üç-dörd gün əvvəl,

Papadan təminat alıb mükəmməl,

Hitler hüzuruna getdi allahın,

Dedi: “Ey dünyanı var edən yoxdan,

Fikrim hüzurunda aydındır çoxdan.

Yoxdur səndən gizlin bir sirrim mənim,

Sənin düşmənindir mənim düşmənim.

Sovetlər ölkəsi məlumdur sənə,

Onlar düşməndirlər sənə, həm mənə,

Nə səcdə eləyir, nə vururlar xaç,

Deyirlər: “Deyilik allaha möhtac”.

Hüzura gəlməkdən məqsədim bu gün

Allahsan, bəllidir sənə büsbütün.

İndi bilirsən ki, mən çoxdan acam,

Bir parça ət, çörək yoxdur, möhtacam.

Var bolşeviklərdə çoxlu ət, çörək.

Vermirlər... onlarla vuruşam gərək.

Gəl bir müqavilə bağlayaq bu gün

Biz də bir müttəfiq olaq büsbütün.

Tüfəng, top, tank, qoşun, təyyarə məndən,

Kəramət, ruhani ecazlar səndən.

Vuraq dinsizləri, allahsızları,

Hər nə qapıb alsam bölək tən yarı..

Lakin bir şərtim var, ey pərvərdigar!

Ki, bizdən kim ölsə gizlin, aşikar,

Bir marşal, komandan, general, əsgər,

Beş nəfər, on nəfər, ya yüz min nəfər

Onlardan keçmişi etmədən sual,

Qoyasan növbətsiz behiştə dərhal.

Allah bu təklifdən çox razı oldu,

Doqovor yazıldı, imza qoyuldu.

Hitler edilmişdi cənnətlə təmin,

Doqovor qoynunda arxayın, əmin.

Etdi Sovetlərə ansızın hücum,

Vuruşma, toqquşma hər kəsə məlum.

Keçmişdi sazişdən iki, ya üç gün,

Allah xəbərdardı işlərdən bütün.

Mələklər, küləklər vermişdi xəbər

Ki, Şərqdə qınından çıxmışdır xəncər.

Allahın qapısı döyüldü birdəb,

Qapını açdıqda mələklər həmən

Qoca – on min ildən daha çox yaşı –

Cənnətdə işləyən bir odabaşı

İçəri girərək səcdəyə düşdü,

Çənəsi titrəyib, alnı bürüşdü.

Qoca yığışdırıb sonra özünü,

Burnunu çəkərək, silib gözünü

Allaha dedi ki: bu gün cəbhədən

Gəlmiş dörd min ölü, necə edim mən?

Onların hamısın edimmi qəbul?

Maşallah, çox yetkin, həm boldur məhsul.

Hamısı deyir ki, göndərib Hitler,

Şəhidik, lap əla cənnətdə yer ver!

Allah ona dedi: durma, qayıt get,

Onlardan dörd ölü saxla, qəbul et!

Qalanın qov getsin qapıdan bütün,

Sonra da kim gəlsə mənə de hər gün.

Götürüb dörd mindən ancaq dörd nəfər,

Verdi, qalanlara dalandan xəbər

Ki, gedin, durmayın, məndə yox günah,

Cənnətdə yer yoxdur – buyurdu allah.

Ölülər başların dikərək yerə,

Qayıdıb açdılar dərdi Hitlerə.

Hitler qəzəbləndi bu sarsaq işdən,

Allahın yanına gedərək həmən

Dedi: ey hər işdən xəbərdar allah!

Yaraşmaz şəninə böylə bir günah,

Doqovor bağlayıb, qol çəkmişik biz,

Lakin bu gün şərti pozursunuz siz.

Behiştə qoymayıb bəs şəhidləri

Nə üçün üstümə qaytardın geri?

Mən bu cür işlərə dözə bilmərəm,

Göstər səbəbini, anlaq, et kərəm...

Ölülər çəkirlər çöldə iztirab,

Doqovor pozulmuş olunur hesab.

Allah gülüb dedi: ay cənab Hitler!

Rahətsiz olmağa yoxdur heç də yer..

Əsla pozulmamış şərt, müqavilə,

Bu sözü eyibdir gətirmək dilə.

Doqovor pozmaqda məşhursan özün,

Yoxdur düzgün çıxmış bir əhdin, sözün.

Adın olmuş bütün dünyada bədnam,

Sənə heç kim vermək istəmir salam.

Müqəssir sizsiniz, əzizim, yenə,

Sizin informasiya höccətdir mənə.

Hər bir məlumatı yoxlayıram mən,

Bilirəm, olursa nə qədər ölən.

Birinci gündə vuruşmanın siz,

Ancaq dörd nəfəri qeyd etmişdiniz.

Lakin o gün ölü gəlmişdi dörd min,

Olar böylə səhvə inanmaq çətin.

Mən də qəbul etdim ancaq dörd nəfər,

Versin informasiya qoy düzgün xəbər.

Hitler dedi: Baxma informasiyaya,

Ancaq inan fakta, ölüyə, saya.

Ölülər etməzlər rəqəmi alt-üst,

Faktı ancaq onlar göstərər dürüst!

Gəlsə bir milyon da götür, yerləşdir,

Baxma məlumatda üçdür, ya beşdir.

Allah bu sözlərə etdi etiraz

Dedi: Cənnətdə yer çox azdır, çox az!

Bəlkə sən milləti qırdırdın bütün?

Onu yerləşdirmək olmaz ki, mümkün.

Cənnət cəhənnəm tək çox böyük deyil,

Sığmaz ərafə də qurbanların, bil!

Dostum, hətta bir gün özün də gəlsən.

Böylə bir böhranda yer tapmaram mən,

Dalanda  qalmağa olarsan məcbur,

Həqiqət böylədir, tut məni məzur.

 

 

Əli Nəzmi

“Ədəbiyyat qəzeti”, 1941, 1 avqust.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info