Qonaq Kitabı
O MALIN HANI?

 

Halın çox ağrıdır məni, ay molla!

Söylə keçmişdəki cəlalın hanı?

Nüfuzun, təsirin, hökmün, fərmanın,

Şövkətin, dəbdəbən, iqbalın hanı?

 

Məskənin məsciddi, məkanın minbər,

Yardımçın allahlar, imam, peyğəmbər,

Söylərdin yerdən yox, göylərdən xəbər.

Mehrabın, azanın, Bilalın hanı?

 

İndi orucluqdur, yanmır qəndillər,

Yoxdur o keçmişki şükuhlu əllər,

Ancaq tənqidinə açılmış dillər,

Cavabın, təkfirin, əmsalın hanı?

 

Hər il bu günlərdə pilov bişirdi..

Yeyirdin mal kimi qarnın şişirdi.

Dodağın örtülməz, hey irişirdi,

Heç solmaq bilməyən cəmalın hanı?

 

Ac xəlqi məscidə mal tək qatardın,

Cənnətlər, qəsrlər, qızlar satardın,

Kütlə avam idi, tez aldadardın,

Nəğdə dəyişdiyin o malın hanı?

 

Duymuşmu yoxsullar fırıldağını,

Qırmışmı kəndlilər tutman bağını,

Kəsmişmi qız, qadın qaymaq, yağını,

Daim dolu olan çuvalın hanı?

 

Artıq tutulmuşdur yalanın başı,

Getmiş damaqlardan dinin xaşxaşı,

Tapmazsan işçidən bir nəfər naşı,

Sevmir haramını, halalın hanı?

 

Bəsdir məscidlərdə saldın rəxtixab,

Tüksüz qucağında meyl etdi şərab.

Sən hansı pislikdən etdin ictinab?

İnsanlıq, mərifət, kamalın hanı?

Artıq bunlar yetər, məsciddən rədd ol!

Haydı, yeyin tərpən, gəlir komsomol!

 


Kefsiz

“Molla Nəsrəddin”, 1929, â„– 7.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info