Qonaq Kitabı
BALACA FELYETON

 

Əhməd şah bir neçə il Avropada

Veyilləndikdən sonra qayıdıb yenə

İranə gəlir (qəzetlərdən).

 

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

Mülkünü qoymamağa olmağa viranə, gəlir!

 

Gəzdi Avropada çox, yadına düşmüş vətəni,

Sən görən şah deyil o, indi olubdur mədəni,

Qurtarıb xəstəliyi, lap sağalıbdır bədəni,

Buraxıb Londonu, öz məsqəti Tehranə gəlir,

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

 

Varlı Avropada şahanə əlamət çoxdur,

Kimya, elm və texnik... qiyamət çoxdur,

Gül yanaq, qönçə dəhənlər, uca qamət çoxdur,

Şah, görək ovcu dolu, yoxsa fəqiranə gəlir,

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

 

Nasirəddin babası Londona etdikdə səfər,

Sərgidən almış idi çox pula bir surəti-xər,[1]

Əcəba bilməli, Əhməd gətirir bəs nə xəbər?

Təcrübə, fikrmi? – Ya bir dişi dürdanə gəlir

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

 

Boylə derlər ki, bitibdir şahın artıq parası,

Kisəsi boşluq olur hər kəs üçün yüz qarası,

Tez gedər hər yara, getməz bu yaman dil yarası,

Bu acı sözdən adam lap usanıb canə gəlir!

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

 

Bax hələ sən bu bizim naxələf iranlılara,

Derlər o gəlməsin İranə... dolansın avara,

Anlamırlar ki, çəkərlər adamı qanlı dara.

Dayamış dal o da bir səmtə, deliranə gəlir,

Mülkünü qoymamağa olmağa viranə, gəlir!

 

Mülk, öz mülküdür, insafilə baxsax düzünə,

Təbəəsi yaxşı deyil ağ ola şahın üzünə.

Qürbət ellərdə qarışmış gecəsi gündüzünə,

Görsə əhvalını kafir belə imanə gəlir!

Baxəbərsənmi, dadaş? Şah genə İranə gəlir!

 

Bax gəlir, əmma nə gəlir!

Tullana-tullana gəlir,

Sallana-sallana gəlir.

Bir daha əyləşmək üçün

Təxti-Süleymanə gəlir!

 

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1925, â„– 43.



[1]  ... “Londonda ümumi sərgiyə tamaşaya getmişdik. Birdən bir eşşək surəti (surəte xərira didim) gözümə sataşdı. Dedim bu eşşək burada nə qayırır? İngilislər gülüb dedilər ki, bu eşşək deyil, lakin eşşəyin surətidir. Yaxına baxdım (həqiqət besyar xub saxtə budənd), “vəziri” hüzura dedim: satın alıb İranə göndərdi”. Çünki İranda eşşək, görülən heyvanatdan deyilmiş (Nəsrəddin şahın özü yazdığı səyahətnaməsən).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info