Qonaq Kitabı
BİLMƏ Kİ, ALƏM NƏDİR

 

Baxma işə, pişəyə

“Tök şərabı şişəyə”

“Ver özünü guşəyə”

“Bilmə ki, aləm nədir”

“Qüssə nədir, qəm nədir”

 

Uymayıb əsirligə,

Bax kefinə bir tikə.

Kim dağıda, kim dikə,

Vur küpü, cəm-cəm nədir,

Bilmə ki, aləm nədir.

 

İstəyir allah vara

Zalxa geyinsin qara,

Sən hara, onlar hara,

Fizzə nə, Əhməd nədir,

Bilmə ki, aləm nədir.

 

Bir yekə xidmətçi ol,

Firqəçi, ya komsomol.

Arvadına vermə yol,

Elm nə, Məryəm nədir,

Bilmə ki, aləm nədir.

 

Oldun o gün ki, müdir,

İşlə nə əqlin kəsir.

Sevgilən, et qız əsir,

Ar nə, adəm nədir,

Bilmə ki, aləm nədir.

 

Köhnə qadın, qız yetər,

Versə sənə dərdi-sər,

Ağzına vur, sənsən ər,

Naz nə, çəm-xəm nədir,

Bilmə ki, aləm nədir.

 

Meyvələri düz mizə,

Tök meyi çıxsın dizə.

Ver bir atım Kefsizə,

İçmədi Əkrəm nədir,

Anla ki, həmdəm nədir,

Bilmə ki, aləm nədir.

 

 

Sijimqulu

“Molla Nəsrəddin”, 1928, â„– 38.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info