Qonaq Kitabı
MƏZMUN-MƏZMUN

 

(Bəzi ziyalılarımız kitabxanadan istifadə üçün götürdükləri kitabları mənimsəyib, bir daha kitabxanalara qaytarmırlar...)

 

Dün yolum düşdü kitabxanəyə məcnun-məcnun,

Gördüm ol dairəyi həp dolu məzmun-məzmun.

 

Düşmüş idi oraya bir də keçən il güzərim,

Bir sevinc ilə açılmışdı həvalərdə pərim.

Uçmaq istərdim o gün, qalmamış idi kədərim,

Məndə bir nəşə yaratmışdı o günkü səfərim.

Dönmüş idim o məkandan evə məmnun-məmnun.

 

Çünki görmüşdüm onu başdan-ayağə rəngin,

Dopdolu dürlü kitablar, münəzzəm, zəngin.

Bəxş qılmışdı onu xəlqimizə dövri-nəvin

Dün fəqət gördüm itirmiş o lətafət, o fərin,

Əzdi küsgün nəzəri ilə məni məğbun-məğbun.

 

Sordum ondan ki, nə olmuş sənə, ey dari-ədəb.

Oldu kim gül yüzünün solmağına boylə səbəb?

Səndən almaqda idi nur, ziyalılar həp.

Bir acı güldü, həman açdı bəyan etməyə ləb

Şərhi-hal eylədi bu növ ilə məhzun-məhzun!

 

Mən, dedi: köksümü açdım bu qraxmallılara,

Qıymadım qalmaların elm yolunda avara.

“Həpsi övladi-vətəndir” dedim, etməz ki, para,

Vurdu bəziləri bu sinəmə yüzlərlə yara,

Çaldılar xeyli kitablarımı məlun-məlun.

 

Bilmədim, bunda suçum varmı, fənasın, eyisin,

Səhv olub, anlamadım, əqillisin, “hey-heyi” sin!

Var qulağı-başı, insan ona baxsın, nə desin,

Heç görünmüşmü, kitab-kağızı insan da yesin?

Sarmaşırlardı dolablarıma məftun-məftun,

Oldu rəngim o ağ əllərləcə mədfun-mədfun?

 

Söyləyirmiş biri bir yerdə fəxarətlə dünən

Ki, aşırmış bir-iki ildə kitab, əlliyəcən.

Var, inanmazdım, iki, ya üç ayaqlı kəsəyən.

Qafiləmmiş, bu gün öyrətdi mənə elmü fənn.

İndi mən nəzmə çəkim, sən oxu məznun-məznun.

Dün yolum düşdü kitabxanəyə məcnun-məcnun.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1927, â„– 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info