Qonaq Kitabı
QOYMAYIN

 

“Molla Nəsrəddin”in 47-ci nömrəsində imam Musa Kazımın şəkli getdiyinə görə bazar əsnafı və bəzi yarımziyalılar Molla Nəsrəddini görmək istəməyir ona etiraz edirlər.

 

Qoymayın, ay kişilər! Molla azıbdır izini,

Saplayır qəlbimizə gündə bu minkir bizini.

 

Dini, imanı, yolu, məzhəbi yox, məsləki yox!

Tay buna, həqqi atanlar arasında, təki yox!

Dinə endirdiyi zor zərbəyə ölçü, çəki yox!

Bükməmiş bircə yol allah qabağında dizini,

Saplayır qəlbimizə gündə bu minkir bizini.

 

Adını molla qoyub, saqqalı, əmmaməsi var,

Abası, qurşağı, nəleyni, uzun caməsi var.

Tanımır allahı, bu bəhsdə həngaməsi var,

Bəzənmiş, baxma ki, təfsirlər ilə mizini

Saplayır qəlbimizə gündə bu minkir bizini.

 

O, çəkib şəklin imamın da qoyur məsxərəyə,

Bir cürə həcv yazır, kim olur-olsun, hərəyə,

Bu yolun axırı bilməm çıxacaqdır nərəyə?

Bəs kim islah edər o mollaların dinsizini,

Saplayır qəlbimizə gündə bu minkir bizini.

 

Museyi-Kazimin o, şəklini çəkmişdi o gün,

Səbr edir, bilmirəm, allahlar, imamlar nə üçün?

Ləğv olunmuş məgər ecaz, kəramət bütün,

Ənbiya yoxsa itirmişdir evin dəhlizini,

Saplayır qəlbimizə gündə bu minkir bizini.

 

Almayın, bayqot edin bircə dənə jurnalını,

Axtarın düşə ələ, yolmalayın saqqalını,

Salın əmmaməsini boynuna, yartıb şalını,

Sındırın qarşınıza vurduğu dik məhmizini,

Qoymayın, ay kişilər! Molla azıbdır izini!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1927, â„– 49.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info