Qonaq Kitabı
QADINLARIMIZ

 

Yox idim ortada, yalnız bəni zahir edən sənsən,

Həyatı anlamazdım, lütf edib mahir edən sənsən.

Xüsusən, fikrimi salim, yeni, tahir edən sənsən.

Cahanı sevməyə irşad, ən axır, edən sənsən.

 

Sən olmazdınsa, olmazdı, həyatü eşq də məlum,

Bəşər nəsli olub məfqud, olardı etila mədum.

Birinci məktəb ağuşundur, ey həmşireyi-məzlum!

Acı, övladına, öz tərbiyəndən eyləmə məhrum.

 

Fəqət artıq düşün, olmaz tərəqqi bu kəmalinlə,

O yüksək dağları aşmaq çətin hazırkı halinlə,

Çıxıb meydanə ali elm, təhsilü cəmalinlə,

Burax qoy parlasın yurdun, elin, fikrin, məqalinlə.

 

Yetişdi vəqt, axır sən də oldun hürr, sər azad,

Dəxi yetməzmi ummaq başqalardan mərhəmət, imdad,

Qanad aç, uç səmayi-mərifət, ismətdə şadaşad.

İnan kim, səndə var hər gunə, hər cür qüvvə, istedad.

 

O gün nuri-rüxünlə parlayar güllər də, gülşən də,

Gülümsər həp vətən də, el də, əbnayi-bəşər, mən də

Kəmali-məfxərətlə xud bu halı seyr edib sən də

Sağın, ey gövhəri-yekta, çıx artıq,

qalma məxzəndə,

çıx artıq, qalma mədfəndə!

 

 

Ə. Nəzmi

“Maarif və mədəniyyət”, 1925, â„– 3

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info