Qonaq Kitabı
FACİƏ MEYDANI

 

                                      Məxluqdan xaliqə.

 

Bilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?

Dağları, bağı, gülüstanı yaratdın nə üçün?

Quş, cücə, yırtıcı heyvanı yaratdın nə üçün?

Sənə qurban olum, insanı yaratdın nə üçün?

 

Bir cəhənnəm olacaqdı buna dünyası bunun,

İndi ki, bitməyəcəkdi ağası, yası bunun,

Qeyri-qabil olacaqdı, hələ əhyası bunun,

Bəs bu məfluc, yarımcanı yaratdın nə üçün?

Söylə, yahu! Bu müsəlmanı yaratdın nə üçün?

 

Keçməyir gün ki, o bir guşədə qan eyləməsin,

Hədəf öz gülləsinə bir neçə can eyləməsin.

Etdiyi cümlə ticarətdə ziyan eyləməsin.

Bunca qatilləri, qurbanı yaratdın nə üçün?

Söylə, yahu! Bu müsəlmanı yaratdın nə üçün?

 

Olduğun adəm o, bir gunə gətirməz yadına,

Atmaq əl qarət üçün sənəti erkək, qadına,

Baxmamış elm, təməddün nədir, əsla dadına,

Mötəqid, tabeyi-quranı yaratdın nə üçün?

Söylə, yahu! Bu müsəlmanı yaratdın nə üçün?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info