Qonaq Kitabı
BİR MÜLKƏDARIN TƏHƏSSÜRÜ

 

Göz atarlardı keçən dəmlərdə yıldızlar mənə,

İmdi görsə halımı, hər bir könül sızlar mənə!

 

Yadıma saldıqca mən, ah, ey gözəl günlər səni,

Ayrılıq, məhrumluqlar dağidar eylər məni,

Bəxti-dunim üstümə güldürdü dostu-düşməni,

Lağ edirlər dəmbədəm, lağlağı, mızmızlar mənə,

Göz atarlardı keçən dəmlərdə yıldızlar mənə!

 

Malik idim bir deyil, onlarla yaxşı atlara,

Bir, iki, üç, dörd nəfər göyçək, gözəl arvatlara.

Fatmalar altda, çıxardı Sonyalar üst qatlara,

Bənd idi ya şəhr, ya köydə bütün qızlar mənə,

İmdi görsə halımı, hər bir könül sızlar mənə!

 

Mülkədardım, istəsə dünya bütün olsun xərab,

Əksik olmazdı yanımdan gül dodaq, gülgün şərab

Məncə ən sadə yeməkdəndi plov, yaxud kəbab,

Bəs hanı? İmdi həram olmuş da cızbızlar mənə,

İmdi görsə halımı, hər bir könül sızlar mənə!

 

Fatmalar küsdü, qoyub qaçdı məni Marfuşalar,

Başıma, saqqalıma yağmış apağdır sanki qar.

Var nə badə, gül dodaq, nə şəşəə, miknət, vüqar,

Külbəmi, röyalarım uyğumda yaldızlar mənə,

İmdi görsə halımı, hər bir könül sızlar mənə!

 

Boylə artıq ixtiyar oldum, büküldü qamətim,

Gəncliyi andıqca artar hər dəqiqə həsrətim.

Var bu halimlə yenə bir məhrəmanə niyyətim,

Qoy baxım bir yol da, ram olmazmı baldızlar mənə.

Bənd idi ya şəhr, ya köydə bütün qızlar mənə!

 

 

1924.

“Sijimqulunamə”

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info