Qonaq Kitabı
DİLİMİZ

 

Kəsildi başımıza bir bəla bizim dilimiz,

Düzəldi, düşdü nə bir düz yola bizim dilimiz.

Baxanda diqqət ilə hər bucağa, hər tərəfə,

 Dama və tövləyə, ya taxça-boğçaya, irəfə,

Gedir xəyalın o dəm Ərdəbil, Əhər, Nəcəfə..

Kələf kimi dolaşıb labəla bizim dilimiz,

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Biri dilərsə yaza türkcə[1] əlli-qırx kəlmə,

Çıxır araya özü bilmədən otuz kəlmə.

Gəlir dilə, nə qədər sən bağır ki, get gəlmə!

Qalıbdır az, bizi dildən sala bizim dilimiz,

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Adım Həsən, babamın da adı Məhəmməddir.

Əmim Əli, dayımın adı kəblə Əhməddir,

Nənəmki Xeyrənisə, qardaşımki Əsəddir.

Açıbdı mərəkeyi-Kərbəla bizim dilimiz.

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Evimdə varsa nə miqdardə ev əşyası,

Ərəbcə, farsıcadır adları: misi, tası;

Bir az da rusca qarışmış gedib bütün dilimiz,

Bulub bu növilə artıq cila bizim dilimiz,

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Məkatib içrə olan dərs üçün kitablarımız,

Ərəbcə, farsca deyil,anlarıq fəqət yarımız,

Hələ çoxalmadadır gün-günə bu cür varımız,

Qalaq, bizi buraxarmı, dala, bizim dilimiz,

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Hələ bütün dilə dair olan pozu-yazımız,

O dildədir ki, həmin tez başa düşər azımız,

Yeni hava çala bilmir, çox əskidir sazımız.

Olur səbəb yenə qiylə-qala bizim dilimiz.

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

 

1924.

 

 


[1]  Azərbaycancaya işarədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info