Qonaq Kitabı
BİZİM QIZ

 

Xandostu, düşübdür yeni sövdayə bizim qız!

Düz qəddimi döndərdi mənim yayə bizim qız!

 

Bildir açılıb şəhərdə bir danə fakültet,

Qalsın görüm, allah, belə viranə fakultet,

Qıldı balamı bir dəli-divanə, fakultet,

Getdi ora, saldı məni qovğayə bizim qız!

Baxmaz nə o dünya, nə bu dünyayə bizim qız!

 

Bir il o dağılmışdı qalıb var-yoxu qandı,

Az vəqtdə fikri dəyişib, rəyi dolandı,

Azğınladı lap, dini, yolu, allahı dandı.

Birdibli inanmır hələ üqbayə bizim qız!

Baxmaz nə o dünya, nə bu dünyayə bizim qız!

 

Başmaqları atdı, geyinər zivni, nə çəpkən,

Yarəb, gəbərəydi bu, o rabfaka gedərkən,

Don, qofta, batinka, deyir al, hər səhər erkən,

Oynatdı məni həm dəfə, həm nayə bizim qız!

Baxmaz nə o dünya, nə bu dünyayə bizim qız!

 

Der, indi də Bakuyə gedirlər neçə yoldaş,

Bir daş doğuraydım, doğurunca bunu, ey kaş!

Çarşaf atılıb, dikcə daban, çəkmə, açıq baş...

Haxçıx kimi çıxmış belə ortayə bizim qız!

Xandostu! Düşübdür yeni sövdayə bizim qız!

 

Miskin atası əlləri qoynunda qalıbdır.

Baxmır sözünə qız, kişi dərddən saralıbdır,

Saç-saqqal ağarmış, namusundan qocalıbdır,

Anlar nə ata, nə ana, həmsayə bizim qız!

Xandostu! Düşübdür yeni sövdayə bizim qız!

 

Ərlik yekə qızdır, deyirəm: get ərə, getmir,

Şərbaf Qasıma, bəzzaz ağa Qənbərə getmir,

Dərdindən ölür, molla Əliəsğərə getmir,

Meyil nə o dünya, nə bu dünyayə bizim qız!

Xandostu! Düşübdür yeni sövdayə bizim qız!

 

Bakuyə gedir etməyə təhsilini ikmal,

Getməm, deyir əsla ərə, naqqal qızı, naqqal,

Olmaz qınamaq, anlamayır çünki könül, hal,

Hər gün  qapılır bir yeni xülyayə bizim qız!

Hala deyil agah müəmmayə bizim qız!

 

Cindar Gözəlin də buna kar etmədi tası,

Tiryaki Məhəmməd də yazıb əql duası,

Bu illətin allaha qalıb bircə davası,

Uğratdı bizi büsbütün ifnayə bizim qız!

Xandostu! Düşübdür yeni sövdayə bizim qız!

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info