Qonaq Kitabı
BİZİM ARVAD

 

Əfsus, pisi-yaxşını qandı bizim arvad!

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Üç il iləri o, nə şəhər, bağ tanımazdı,

Nə kurs, nə məktəb, nə meşə, dağ tanımazdı.

Anlardı tiyatro, nə fırıldağ tanımazdı,

Birdən-birə bunlara calandı bizim arvad,

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Əvvəlləri o, bir kərə çıxmazdı evimdən,

Gündüz-gecə oynardı uşaqları ilə şən,

İndi o, olubdur həm evə, həm mənə düşmən,

Azdı cığırından, yavalandı bizim arvad,

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Mən hürr, o əsirimdi, nə iş görsə sezərdim,

Kəc qoysa ayağın, bədənin, başın əzərdim,

Məsciddə gəhi, gahi də şantanda gəzərdim,

Yatmışdı, fəqət heyf, oyandı bizim arvad,

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Keçmişdə mağıl saqqalıma rəng yaxardı,

Qoymazdı yaxam kirlənə, bitlərdi, baxardı,

Göz mıncığı daim bəzəyi idi, taxardı,

Sanki bu bəzəklərdən usandı bizim arvad,

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Düşməzdi ki, həmzad duası sağ çiyinindən,

Rahət bulamazdım hələ tasilə cinindən,

İndi qalib az-maz, çıxa lap köhnə dinindən.

Getdi oxudu, yaxşı qazandı bizim arvad,

Kursa, kluba, sirkə dadandı bizim arvad!

 

Qoymur xına öz yalına da, bomboz olubdur,

Daim əl olurdu xınalı, indi solubdur,

Qırx yaşı keçib, başına elm eşqi dolubdur,

Kəndin yenidən körpəmi sandı bizim arvad?

Dəftər, qələm, dərsə dadandı bizim arvad!

 

Gündə deyirəm: eybdir arvad, bunu boşla,

Getmə üz açıq kursa, utan, at bunu, boşla,

Sal çarşavı, ört başına çarqat, bunu boşla,

Nə qorxdu, qızardı, nə utandı bizim arvad!

Ayati-hicabı belə dandı bizim arvad!

 

Bais, balan ölsün! Bu nə aləm, nə əməldir?

Yox anlağınızmı ki, bu iş dinə xələldir?

Dinsizliyə bunlar hamı bir yerdə təməldir.

Birdibli cəhənnəmlərə yandı bizim arvad!

Ey vah!.. hicabı belə dandı bizim arvad!

 

Məkatib içrə olan dərs üçün kitablarımız,

Ərəbcə, farsca deyil, anlarıq fəqət yarımız,

Hələ çoxalmadadır gün-günə bu cür varımız,

Qalaq, bizi buraxarmı, dala, bizim dilimiz,

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

Hələ bütün dilə dair olan pozu-yazımız,

O dildədir ki, həmin tez başa düşər azımız,

Yeni hava çala bilmir, çox əskidir sazımız.

Olur səbəb yenə qiylə-qala bizim dilimiz.

Kəsildi başımıza bir bəla bizim dilimiz.

 

 

1924.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info