Qonaq Kitabı
QƏZƏL

 

Ruyin kibi Gün dilbəri-rəxşən ola bilməz,

Alnın kibi Ay ənvərü taban ola bilməz.

 

Matəm, nə deyim mən sənə, hurimi, mələkmi,

Hərgiz belə bir Hüsndə insan ola bilməz.

 

Təsvir eləmiş bir elə surət yədi-qüdrət

Kim, bir daha tərsim anı imkan ola bilməz.

 

Gülzari-məlahətdə dodağınla boyun tək,

Bir qönçeyi-gülşən, sərvi-xuraman ola bilməz.

 

Kirpiklərini oxlara təşbih xətadır,

Bu cəzbə, bu təşvirdə peykan ola bilməz.

 

Zülfün nə qədər olsa da pürpiç, pərişan,

Halım kimi, ey şux, pərişan ola bilməz.

 

Basma belə min daği-siyəh bağrıma, lalə,

Haşa, yürəgimtək yenə al qan ola bilməz..

 

Candadeyi-hicranın ilə xəsteyi-aşiq,

Vəslindən əlavə daha dərman ola bilməz.

 

Pərvanə də yanmaqdadır odlarə və lakin,

Pərvaneyi-qəlbim kimi suzan ola bilməz.

 

Hər qəm çəkilir sinədə bir növ ilə məxfi,

Mümkün deyil, eşqin qəmi pünhan ola bilməz.

 

Aşiq çox olur hüsnünə, ey mahvəş, əmma

Nəzmi qədər aşüftəvü heyran ola bilməz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info