Qonaq Kitabı
BƏXTƏVƏR

 

Hər başə “silindir” qoyan əhli-hünər olmaz,

Hər oğru, nəmaz etmək ilə mötəbər olmaz.

Erkək sanılar, börk geyinlər olsa, qadın da,

Lakin bu açıqdır ki, həqiqətdə ər olmaz.

Vurmaqla yəhər eşşəyə, ya atlara palan,

Eşşək at olub, at dəxi bilzat xər olmaz.

Tunc öysə də min yol özünü, dursa da möhkəm,

Fulad qədər onda mətanət, dəyər olmaz.

Top pişinə toxmaq ilə çıxmaq dəlilikdir,

Kəskin qılıca qarşı, başa əl sipər olmaz.

Dərk etməli ki, yandırıcı od qabağında,

Qorunmaq üçün xar ilə xəsdən çəpər olmaz.

Vəhşət mədəniyyətlə olurmu ki, boy ölçə?

Dəryadə qırıq təknədə seyrü səfər olmaz.

Zülmati-cəhalət boğamaz nurini elmin,

Hər göstəriş ilə, demək, işdə zəfər olmaz.

Yüz min mədəni millətə vəhşi, qara bir xəlq

Üstünmü olur? Olsa da milyon nəfər, olmaz!

Hər kəs inanır, tək inana bilməyiriz biz

Kim, cahil olan ailə, el bəxtəvər olmaz!

Bıqdım, dəyişər olmadı millət cərəyanın,

Səd heyf ki, əfsanələrim kargər olmaz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info