Qonaq Kitabı
MİNACAT

 

“Dünyaları yoxdan yaradan ey ulu tanrı”![1]

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Artdıqca təməddün, sönüyor şöleyi-məzhəb,

Nabud oluyor din ilə təqvavü vərə həm.

Yoxsa gedəcək boyləmi bu halı mürzəbzəb?

Öldür məni qurtar, üzü barı sulu, tanrı!

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Keçmiş geri gəlməzmi, dirilməzmi ölənlər?

Buyruqlarını eylədilər dəfn sərasər,

Oldu kişilər həqqdə arvadla bərabər.

Şeyxin də, şərifin də alındı çulu, tanrı!

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Min il olur allahlıq edirsən, daha çoxdur,

Səndə deyilən xariqələr bəs niyə yoxdur?

Qanın nə üçün qullarına qarşı soyuxdur?

Bağlandımı ecazınızın ya yolu, tanrı?

Saxlar ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Sən, qaldığını məscidinin boş görüyorsən,

Möminlərinin həpsini naxoş görüyorsən,

Din aləmini pərt, siyəhpuş görüyorsən.

Yağdırsana göydən yerə sən daş, dolu, tanrı!

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Hürriyyəti-nisvan yenə bir mərəkə saldı,

İsmət və həya getdi, hicabın adı qaldı.

Məktəb və məarif işi hər yanda ön aldı,

Azdı izin arvad, qızı, yaxud dulu, tanrı.

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

Bu vaqiənin almayacaqsanmı qabağın?

Qət etməli bu nəhs ağacın rişəvü sağın,

Bu iş yıxacaqdır evinin ərşdə tağın,

İş başına qoydun niyə hər yoxsulu, tanrı?

Saxla ağalar boyləmi, söylə, qulu, tanrı?!

 

 

“Sijimqulunamə”



[1]  Baş misra H. Cavidindir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info