Qonaq Kitabı
QADIN

 

Ey hər məkanda sən, səbəbi-etla, qadın!

Hər millətin təməddününə rəhnüma qadın!

 

Sən bir zərif sənətisən dəsti-xilqətin,

Cismin misalı, incə həmi qəlbü xislətin.

Sənsiz yüzünə doğdu günəş hankı millətin?

Ey mənbəyi-təali və nurü ziya, qadın!

 

Sənsən ölü bədənlərə bəxşəndeyi-həyat!

Sən olmasaydın, olmaz idi bəlkə kainat!

Sənsiz nə hüsn, eşq, nə yasü nə inbisat,

Sənsiz nə şövqi-həzz, nə zövqü səfa, qadın!

 

Sənsən mələk dedikləri, məxluqi-asiman!

Huri dedikləri, güli-firdövs aşiyan!

Yıldız, qəmər, günəş, şəfəqü ruzeyi-cənan!

Pirayeyi-zəminü nigari-səma, qadın!

 

Hürriyyətin yeganə misali-mücəssəmi,

Əşar, nitq xaliqəsi, ruh həmdəmi.

El zəxmdar qəlbinin ən nərm mərhəmi,

Hər illətə əlac və dərdə dəva, qadın!

 

Sərmayeyi-vüqarü həyanın xəzinəsi,

Gəncineyi-nəcabətü ismət əminəsi.

Əxlaq hüsni-tərbiyə, ülfət mədinəsi,

Ey layiqi-sitayişü mədhü səna, qadın!

 

Ey ən gözəl şükufəsi ziruh gülşənin,

İzhari-arzuları hər qəlbi-rövşənin

Layiqmidir bu halın uca rütbənə sənin?

Ey halına cəmaəti-bietina, qadın!

 

Şiddətlə, nuri-ruyinə möhtac ikən vətən,

Ey gün, bulutlar içrə nihan olmağın nədən?

Yırt ol inqabi-müzləmi, göstər cəmal sən!

Gül, ta gülümsəsin də cəhani-nisa, qadın!

 

Aç! Dəmdir, ey Məsih nəfəs, gül üzarını!

Saç gülləri, gülüşləri ilə bəharını!

Xəlq içrə nəşr qıl əsəri-şahkarını!

Alqışlasın səni, desin el, mərhəba, qadın!

 

                                                                  1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info