Qonaq Kitabı
CİB XƏSTƏLİYİ

 

Qarışıb bir para əmrazə də cib xəstəliyi,

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

 

Öksürək, qolrə, boğaz ağrısı, sancı, yatalaq,

Səpmə, qızdırma, sətəlcəm, cilə, vurğun, xorazaq,

Vardır bir çox daha istəkli azarlar bu sayaq,

Çıxmış ortalığa bir tazə də cib xəstəliyi,

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

 

Dün götürdüm cibimi doktora, çözdüm ipini,

İstədim çarə, açıb göstərərək lap dibini.

Açdı doktor da qabağımda mənim öz cibini,

Dedi: - Yox səndə bu avazədə cib xəstəliyi,

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

 

Dərdimə, doktor edə bilmədi vəqta ki, dəva,

Çıxdım artıq küçəyə, çox soyuq olmuşdu həva,

Küçədə çox var imiş xəstəli məndən də səva,

Yoluxub baqqala, aşbazə də cib xəstəliyi,

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

 

Bir zərif arxadaşım tutdu dünən sübh məni,

Dedi: – Kefsiz! Bu azar öldürəcək bil ki, səni.

Bez ucuzkən gedib al, saz elə sidrü kəfəni,

Boşlamaz qalsan əgər yazə də cib xəstəliyi,

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

 

Çünki var isə də hər xəstəliyə bir dərman,

Almayır çarə bu cib xəstəliyinə tutulan.

Aptekar bir resepə istəyir on yüz milyan.

Harada? Ay dəli, sərmazədə cib xəstəliyi.

Böyüyür ən böyük əndazədə cib xəstəliyi.

Əsər etmiş neçə qornazə də cib xəstəliyi,

İşvəyə, qəmzəyə də, nazə də cib xəstəliyi,

Çox qumarbazə, şəyidbazə də cib xəstəliyi!

 

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1923, â„– 17.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info