Qonaq Kitabı
OVQAF VƏ MOLLA QURBAN

 

Ey sən düşən günahsız böhtanə, molla Qurban![i]

Xəlqin olan dilində əfsanə, molla Qurban!

 

Ey piri-şəst salə, mollayi-bamürüvvət,

Ey hamiyi-şəriət, darayi-elmü sənət,

Söylə, nə gördü millət kim, səndən etdi nifrət?

Məscidü xəlqə oldun biganə, molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

 

Sən bir vücudi-pakü yektavü bibədəlsən,

Qıymazsan ürf, şərə tükcə yetə xələl, sən,

Altunla dolsa məscid, vurmazsan əyri əl, sən,

Ya vəqfə, ya ki, nəzrə, ehsanə, molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

 

Həqqində söyləyirlər çox söz, vəli inanmam,

Etməzsən oğruluq sən, haşa... olur bu, sanmam.

Olmuşsunuz əgərçi bir molla boyda bədnam,

Çıxmış qüsuru eybin meydanə, molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

 

Yıxsın evini tanrı ərbabi-inqilabın,

Yıxdı necə ki, çarın, mollavü şeyx, şabın,

Əvvəl soran kim idi tövrün işin, hesabın?

İmdi baxır cəmaət mizanə,  molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

 

İş boylə olmaz ki, hürriyyət olmasaydı,

Əskiliyin o əlvan əzharı solmasaydı.

Daşmazdı seyli səbrin, ta kasə dolmasaydı,

Köhnə binalər oldu viranə, molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

 

Səndən bu gün çevirmiş yeksər yüzin cəmaət,

Derlər ki, eyləmişsən hər barədə xəyanət,

Ovqafı[ii] yanınızda qoymuşdu el əmanət,

Yapdırmısan onunla kaşanə, molla Qurban!

Ey sən düşən günahsız böhtanə, molla Qurban!

Baxma elin sözünə,

Kül millətin gözünə,

Siz tək deyilsiniz, var

Min danə molla Qurban.

Ar eyləmə, utanma,

Ver yanə, molla Qurban!

Saqqalını tumarla,

Vur şanə, molla qurban!

Verməz səni ədalət

Divanə, molla Qurban!

Zindanə, molla Qurban!

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 18.



[i]  Gəncənin məscid mollalarındandır. Moqufat heyətinin sədri idi. Moqufat pulundan oğurlayıb özünə ev tikdirmişdi.

[ii]  Ovqaf – Moqufat məscidlərin xüsusi gəlir mənbələrinə deyilir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info