Qonaq Kitabı
LOĞALAR

 

Hər tərəfdə yenə qalxır şərəri loğaların,

Fitnədir məhz bu gün, xeyr-şəri loğaların!

 

İşləyir gəc, durur əyri, çıxıyor suçlu səsi,

İçdirib içməyə qan, fitnəçinin var həvəsi,

Bozdarın çıxmamış imiş, hələ varmış nəfəsi,

Xəlqə hər gündə dəyərmiş zərəri loğaların,

Fitnədir məhz bu gün, xeyr-şəri loğaların!

 

Sağ cəhanə özünü göstəriyordu mədəni,

Mat edirdi sözünə boylə səni, onu, məni.

Lakin əslində o bir xeyrsiz imiş, tərs, dəni,

Yox imiş bir tikə ondan xəbəri loğaların!

Fitnədir məhz bu gün, xeyr-şəri loğaların!

 

Yurdda, yurd əhli arasında, dilər kəclik ola.

İstəməz bir qədəm atsın, düzəlib doğru yola,

Getməyir, şıllağ atır gah sağa, gah sola,

Lap yorulmuş ulağı, müxtəsəri, loğaların,

Fitnədir məhz bu gün xeyr-şəri loğaların!

 

O bilir, verməyəcək faidə hürriyyət ona.

Anlayır, keçmişitək olmuyacaq-hörmət ona,

Çünki Daşqof, Nikolaylardı verən qiymət ona.

İmdi bir paslı quruşdur dəyəri loğaların!

Fitnədir məhz bu gün xeyr-şəri loğaların!

 

Etibar, ar, həyası, şərəfi, məsləki yox,

Ölçü şeytanlığına, etdiyi zülmə çəki yox.

İstəyən ədl, müsavati-miləl, bir təki yox,

Hiylədən başqa bütün yox hünəri loğaların!

Fitnədir məhz bu gün xeyr-şəri loğaların!

 

Hasili, fikrdə digər görürəm loğaları,

Menşiqoflarla bərabər görürəm loğaları,

Xəmri-büxl ilə müxəmmir görürəm loğaları,

Var uzaq, qorxusu çox bir səfəri loğaların!

Çar fəraqında bükülmüş kəməri loğaların!

 

Sanmış, əfsanə deyil, balü pəri loğaların!

Can alan zəhrə dönübdür şəkəri loğaların!

Can gedib, xərc edilib simü zəri loğaların!

Fitnədir məhz bu gün xeyr-şəri loğaların!

 


1917,

“Sijimqulunamə”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info