Qonaq Kitabı
İNANMAM Kİ,

 

Mən müştaqəm hurisinə hürriyyətin,

Dünya xəsmim olsun, bunu mən danmam ki.

Uğrunda o birəhmin, mürüvvətin,

Min bu qədər qəmlər çəksəm, usanmam ki.

Ondan məni usandırmaz firqət, hicran,

Söndürəməz eşqim odun dövran, zaman.

İstər olsun aşikar, istər nihan

Ondan qeyri bir zinəfəs mən anmam ki.

Derlər vəfasızdır işbu gözəl,

Üşşaqə o, verməmişdir, həm verməz əl.

Yox bir dilbər yer yüzündə ona bədəl,

Min desinlər vəfasızdır, aldanmam ki.

Lakin onu sevən gərək candan keçsin,

Canın sevən aşiqnüma, andan keçsin,

Ya canından, ya da başdan-candan keçsin.

Bunsuz təhsil edilir o, sanmam ki.

Hər kəs anı istər, gərək iqdam etsin,

Hər bir müştaq arxasınca özü getsin.

Salmaq üçün anı ələ, at səyirtsin,

Bir özgə əl verir desə, inanmam ki.

Bu gün anı hər millət, hər fərd istər,

Alim, cahil, yoxsul, qəni, bəy, rəncbər,

Ölsəm, ona sevdirəməz kəndimi gər,

Mən nə ondan, nə özümdən xoşlanmam ki.

İşbu gündən qət eylədim, and içdim mən

Kim, ya gərək mənim olsun ol simtən

Yaxud bu ki uğurunda örtüm kəfən,

Öz əhdimdən, illahimdən aralanmam ki.

 

 

(... O ...)

“Tuti”, 1917, â„– 13.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info