Qonaq Kitabı
MUXTAR

 

Molla, bu zəmanə bizi məhzun edəcəkdir,

Pürxəndə olan qəlbimizi xün edəcəkdir

 

Bilməm bu bəlalər haradan düşdü cəhanə?

İşlər dəyişildi hamısı, döndü zəmanə.

İnsan kimi fəhlə, kölə də gəldi zəbanə,

Bu hadisə əyanları məğbun edəcəkdir.

 

Hər yanda mütəntən qurulur birgə qurultay,

Lüt fələ, cırıq kəndli alır həqq, aparır pay.

Bəylər lüt olub, müflis olanlar olacaq bəy,

Əlaləri bu qəhbə fələk dua edəcəkdir.

 

Hürriyyət oyatmış hamı sinfi yuxusundan,

Yoxsul da, əkinci də sayır kəndini insan.

Xan, bəy, kölə, muzdur ilə hər həqqdə yeksan,

Azadəlik əhvalı digərgün edəcəkdir.

 

Mömin kişi dörd arvad ala bilməyəcəkdir,

Bir qız ələ o, gündə sala bilməyəcəkdir.

Bir hürr əsarətdə qala bilməyəcəkdir,

Bu tazəlik aqilləri məcnun edəcəkdir.

 

Hər həqqdə yeksan olacaqdır kişi-arvad,

Hətta olacaq Zalxa da, Məsumə də azad.

Qızlar gedəcək məktəbə, çarşab olacaq yad,

Qüssə bu əlif qəddimizi nun edəcəkdir.

Qüssə bu əlif qəddimizi nun edəcəkdir.

 

Qanuni-ədalət sürəcək hökmünü həmvar,

Məzlum eləyə bilməyəcək zalimə azar.

Bir millət olur qul, o biri hakimü muxtar,

Güclü yenə gücsüzləri mədfun edəcəkdir.

 

Qafqazda müsəlman dəxi muxtar olacaqdır,

Başında nə dəstar, nə əfsar olacaqdır.

Güclülərə də böylə cahan dar olacaqdır,

“O” şerini bunlar ilə mövzun edəcəkdir.

 

 

“Məşədi Sijimqulu”

“Molla Nəsrəddin”, 1917, â„– 24.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info