Qonaq Kitabı
OLARMIŞ

 

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

Hürriyyətə bu ölkədə də rəğbət olarmış?

 

Düşməzdi yada uyquda da bu qılıq işlər

Kim, dəyşilir axır, deyəridi, bu gedişlər?

Xəlq demiş idi bunu molla, nə keşişlər,

Görsənməmiş aləmdə də bir bidət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Ondan ki, təmə dişlərimi çəkmiş idim mən,

Derdim ki, cahan dolsa da, düşməz mənə bir dən,

Hürriyyət umardım necə bir evdə ögəykən,

Vallah, nə bilim, müftəcə də qismət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Bir çömçə dünən qonşu İvan vermiş idi pay,

Pəh-pəh, necə hürriyyət, ona bal olamaz tay!

Bir barmaq alıb ağzıma qoydum, dedim: oxqay!

Dünyada də bu təmidə bir nemət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

 

Bildim bu gün ancaq ki, haman əski hökumət,

Xalqa nə imiş – verməməyində bunu – hikmət,

Kim dadsa, qəbul etməz imiş qeyri-əsarət,

Çarlar, vüzəra heyəti biqiymət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Rusiyyəlilərdən belə pis iş də çıxarmış?

Yüz illər ilə ömr edən asarı yıxarmış?

Çarı qovaraq, ovnəsini həbsə tıxarmış?

İnsanda da, matəm, bu qədər qeyrət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Çarlar üzünə görməmiş idik ola el ağ,

Dünya yaranandan ağı qarə, qaranı ağ,

Qurda göz ağartsınlar, əcəbdir, quzu, oğlaq,

Millətdə, cəmaətdə də bu cürət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Hərdən düşünürəm, edərək keçmişi mən yad,

Azadı müqəyyəd görərək, qulları azad,

Bixud ürəyimdən ucalır göylərə fəryad,

Taledə də bax, bir bu qədər nikbət olarmış?

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

Kim derdi, bu işlər belə asan olur, olsa,

Hürriyyətin aşiqləri xəndan olur, olsa,

Əşxasi-hökumət hamı heyran olur, olsan,

Hər qüvvətin üstündə də bir qüvvət olarmış?!

Vah-vah, adə, Ursetdə də hürriyyət olarmış?

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1917, â„– 8.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info