Qonaq Kitabı
YAXIN KEÇMİŞLƏR SANDIM

 

Hər yol ki, göstərdin, təriqət sandım,

Hər söz ki, söylədin, həqiqət sandım.

Hər əmrini tanrı göndərmiş bildim,

Hər bir fərmanına yaytək əyildim,

İnsan deyil ki, bu bir mələk dedim,

Hər bir təkfirini şəriət sandım.

Bildim hər qövlünü birər möcüzə,

Bənzətdim bilgini dağə, dənizə,

Əyləşdim yanında bin il diz-dizə,

Hər bir dəqiqəni qənimət sandım.

Bildim bir alim, bən, mötəbər səni,

Dünya, din elmindən baxəbər səni,

Az qaldı zənn edim peyğəmbər səni,

Hər bir kəlamını bir ayət sandım.

Bildim həqqə doğru səni rəhnüma,

Məhəmməd ümməti üstündə, hüma

Getdim ardınca bən göz yuma-yuma,

Hər bir kirdarını hidayət sandım.

Gördüm təkbirini, iman zənn etdim,

Baxdım təqririnə, vicdan zənn etdim,

Fəzlə, təqəddüsə Səlma zənn etdim.

Mütəlla zöhdünü ziqiymət sandım.

Hər qövlü felini bildim biriya

Məsciddə köhnəldim misli-buriya

İnsanlıqdan çıxdım, oldum mumiya,

Həp bunları həqdən bir rəhmət sandım.

Baxdıqca simana qəlbim şadlandı,

Öpdüm ayağını, ağzım dadlandı.

Hər gün adınla bir məzhəb adlandı,

Sən hər xəta qıldın, bən hikmət sandım.

Sonra bir məzhəbə kamildir, dedin,

Digər məzhəbləri batildir, dedin.

Cəhlə elm, alimə cahildir, dedin,

Kəşfü təyinini məharət sandım.

Bir gün bir mollanı təkfir eylədin.

O da səni təkfir etdiyin dedin.

O bir qapaz datdı, sən bir daş yedin,

Qovğa zənn etmədim, bir adət sandım.

Bundan sonra daha qalxdı savaşlar,

Sıyrıldı xəncərlər, atıldı daşlar.

Ayrıldı bir soydan olan qardaşlar,

Bunlar edir dini səyanət sandım.

 

Hər iş bitdi, yenə çəkmədin ki, əl,

Oldun elm üşşaqi önündə əngəl,

Ümmət qıldı cahil, vəhşi mükəmməl,

Cahilliyin, cəhli dəyanət sandım.

El hər yanə döndü, sən qarşı durdun,

Rahi-təcəddüddə min tor qurdurdun.

Hər bir təşəbbüsdə qolların burdun.

Bən də hər “qulluğu” hürriyyət sandım.

Bir gün eşitdim bən qəlbimdən bir səs,

Hayqırdı, qalx dedi, ta yatdığın bəs!

Diksindim, qorxudan çəkmədim nəfəs,

Lakin yuxu bildim, xəyalət sandım.

Guya ki, yatmışdım, oyandım birdən,

Durdum ki, hücrəndən çıxıb gedəm bən,

Kəsdin qabağımı, qoymayırdın sən,

Eyləyirsən bəlkə zərafət sandım.

Dartıldım bir noi çıxdım çəngindən,

İyrənmişdim çünki ruyü rəngindən

Artıq xilas oldum çubü səngindən

Məhkəmədə qazandım bəraət sandım.

Çıxdıqda hücrədən, bən gördüm nələr,

Qarşımda bir dünya durub münəvvər,

Hər millətdə duyğu, dirilik, hünər.

Süslü məskənlərin bir cənnət sandım.

Baxdım bir nifrətlə daxmana tərəf,

Yüz bin nədamətlə oğuşdurdum kəf

Düşündüm, vəqt, ismət, ömr olmuş tələf,

Vicdan oxur mənə min lənət sandım.

Buldum dəvanızı xaric şəridən

Gördüm girdarını qeyri-müstəhsən

Andım keçmişləri lənətlərdə bən,

Gedər bu nədamətlə, o zəmmət sandım.

 

 

Ə. Nəzmi

“Dirilik”, 1916, â„– 365.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info