Qonaq Kitabı
AD

 

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

Tapmadınmı hələ ad, ey evi bərbad uşağa?

 

Get axundun yanına, bir kitab açsın, degilən,

Tas quran, falçıya baxdırmağa qaçsın, degilən,

Hər biri bildiyini ortaya saçsın degilən;

Yaxşı bir ad tapıla bəlkə, nikuzad, uşağa!

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

Ad qoyarlar ki, doğan gün uşağa, qaidədir,

Qalmağı adsız otuz beş günə bifaidədir,

Bax nə göyçəkcə çocuqdur, elə bil maidədir.

Heyf, bədbəxt olacaq, qılmadın imdad uşağa!

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

Doğduğu üç gün olur molla Tükəzban xalanın,

On gün əvvəl atası adını qoymuş balanın,

Verməyə bircə quruş adqoyana çıxdı canın,

Eyləyər hansı ata bir belə bidad uşağa?

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

Qonşuya, qövmə məni düşmən edib də yenidən,

Oğluma qoyma fəqət bu dediyim adları sən:

Mustafa, Zeynal, Əsəd, Rüstəməli, Kabla Həsən,

Mürtəza, Tanrıqulu, Hacbaba, Fərhad, uşağa!

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

Çünki yeznəmdir Əsəd, Zeynal onun qardaşıdır.

Mustafa, Hacbaba mərhum atamın yoldaşıdır.

Mürtəza koxa, Əli qonşu, Həsən yüzbaşıdır.

Qoysayız cümlə küsər, adların azad, uşağa!

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

Bir dəva, çarə bu gün, durma, dolan, tap bu işə,

Qıl rücu alimə, cindarə, axunda, keşişə;

El qınaq eyləyər, açmış hamı dil sərzənişə

Öyrədək, mən nə deyim bir belə arvad-uşağa!

Ay keçir, qırxı gəlir, ay kişi, qoy ad uşağa!

 

 

(... O ...)

“Babayi-Əmir”, 1916, â„– 10.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info