Qonaq Kitabı
YORĞUN BİR BAXIŞ

 

Söylə, nədir bu hali-pərişanın, ay yazıq!

Yorğun nəzərlə ahi-firavanın, ay yazıq!

Solğun üzünlə sineyi-suzanın, ay yazıq!

Dutğun sənin, səvali-qəribanən, ay yazıq!

Qalxızma böylə göylərə əfqanın, ay yazıq!

 Bir böylə ağlama ki, çıxar canın, ay yazıq!

 

Ölmə, bayılma, ağlama, yalvarma, kəndlisən,

Biçarəsən, əkinçisən, aləmdə dərdlisən.

Qaç, mülkədarə gəlmə yaxın, kirli, bitlisən,

Çiyni çuvallı, boş əlli, əli səbədlisən.

Get, nökəri bəyin, qulusan xanın, ay yazıq!

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

Acından ağlayır, demə, ətfalü külfətin,

Yoxdur evində də çörəyin, pişmişin, ətin.

Var nə yavanlığa, yağa kisəndə qüdrətin,

Biçarə! Mülkədarə nədir bunda minnətin,

Olsun sənin də sərvətü samanın, ay yazıq!

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

Olmaz rəva, sızıldama bihudə hacətin,

İsrar qılma, olmaz əsərbəxş halətin,

Ac və susuz dolanmaq olub çünki adətin.

Get-get, çalış qiyamətədək, yox fərağətin,

Daim məşəqqət ilədir avanın, ay yazıq

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

Qan-tər içində ömrünü sür baqəmü ələm,

İşlə o qədəri ki, götürə sinədə vərəm,

Get, gəl, çalış, oturma, vücudun ola ədəm.

Ək, biç, qazan, gətir ver onu pulluya sələm.

Olmur qoy olmasın quru bir nanın, ay yazıq!

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

Çünki yiyəndi molla və dövlətli, mülkədar,

Onlar üçün çalışmağını müftə, bilmə ar.

Ərzi-itaət eylə hüzurində bəndəvar,

Olma, döyüb, söyəndə səni xarü şərmsa,

Səbr eyləməkdir karı müsəlmanın, ay yazıq!

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

Al boynuna boyunduruğu, baxma zəhmətə,

Əy boynunu öküz kimi, döz dərdə, möhnətə.

Alma qulağə düşməyini fikrə, niyyətə.

Hiss eyləmə bu ğəmlərini, gəlmə qeyrətə,

Açma ölüncə dideyi-giryanın, ay yazıq!

Uy sirqətə olanda da imkanın, ay yazıq!

Bəlkə ola bu dərdinə dərman, ay yazıq!

İşlə o qədəri taki, çıxa canın, ay yazıq!

 

 

(... O ...)

“Məzəli”, 1915, â„– 23.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info