Qonaq Kitabı
DƏYŞİLİR

 

Gündə, döndükcə, alır bir rəng, dövran dəyşilir,

Öz yerində durmayır bir ləhzə, hər an dəyşilir.

Yol; məişət, etiqad, adatü ünvan dəyşilir.

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

Vəqt edir hətta əsər insanə, insan dəyşlir.

 

Gah olur dəb – işlənir xirqə, əba, ləbbadə, şal,

Qırxılır başlar, olur saqqal uzun, gülgun, al.

Gah bığ, saqqal təraşidə, qafa saçlı və çal,

Ağ yaxalıq, qıssa paltar, köhnə palan dəyşilir,

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

 

Gah birçəklər olur rusi, gəh İran səyaq,

Nalçalı başmaq, gödək dizlik, gəhi zəngəl dolaq.

Baftalı geymə, gümüş həp: vəznə, qəddarə, yaraq,

Baş, ayaq, arxa, qabaq, hər səmt, hər yan dəyşilir.

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

 

Dəyşilir dünyadə ümmətlər, təbiidir, bu gün,

Şanlı bir millət olur vəhşi olan bir qövm, dün,

Cahil, alim, bəy, mühərrir, xan, şair büsbütün,

Qəhqəhə, əksi-tərəqqi, bir müsəlman dəyşilir,

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

 

Zahirən hər kəs kişi, ancaq nihan mahiyyəti,

Yüzdə millətpərvər, örtü arxasında niyyəti.

Gəh sevir məşrutəyi, gah istəmir hürriyyəti,

Gündə bin növbə sinir, bin əhdü peyman dəyşilir,

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

 

Gəh biri hürriyyəti-nisvan yolunda ad alır,

Aldanır miskinə arvadlar, uzaqdan dad alır.

Keçməyir çox, bəy ikinci tazə bir arvad alır,

Görsənir “ruzə” – hilalı, mahi-şəban dəyşilir,

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

 

Hər “moda”, hər nəsnə, hər adəm – ğərəz hər şey ki, var

Fikr, surət, dil və mənsəb, tərzi-əşkal, ixtiyar,

Rənc, rahət, sülh, qovğa, xəndə, giryə, dust, yar,

Eyd, matəm, şadi və ğəm, hərb, meydan dəyşilir.

Ad, üsul, iş, dəb, məslək, söz, süxəndan dəyşilir.

İştə bu yirminci qərn, əfkar asan dəyşilir,

Hər kar asan dəyşilir,

Abad-viran dəyşilir.

 


(... O ...)

“Məzəli”, 1915, â„– 15.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info